Məşhur “Sevgilim” mahnısının maraqlı sevgi tarixçəsi
Bu gün, 08:14

Məşhur “Sevgilim” mahnısının maraqlı sevgi tarixçəsi: mahnının yaranmasının səbəbkarı şair Ənvər Əlibəylinin çox sevdiyi həyat yoldaşı Şövkət xanımın qısqanclığı olub. Ənvər Əlibəyli bəstəkar Tofiq Quliyevlə əməkdaşlığı zamanı məşhur “Zibeydə” mahnısını ərsəyə gətirir. Ənvər Əlibəyli xanımını o qədər sevirdi ki, xanımı onun sevgisindən şıltaq qadına çevrilir. Qadın “Zibeydə” mahnısını eşidəndə həyat yoldaşına deyir: “Ənvər, niyə Zibeydə? Niyə “Şövkət” mahnısını yazmamısan? Ənvər Əlibəyli ona izah edir ki, burada şeir qaydaları, ikihecalı ad lazım idi. Lakin xanımı inciyir. Ənvər Əlibəyli həyat yoldaşını çox sevdiyindən xanımının inciməsi ona pis təsir edir. O, bəstəkar Rauf Hacıyevə zəng edərək deyir ki, Şövkət xanımı qısqanclıq bürüyüb, nəsə etmək lazımdır: “Bəlkə bir mahnı yazaq? Bəlkə düşünəsən?”. Beləliklə, “Sevgilim” mahnısı yaranır.
Mahnının mətnində “sən mənə bir dəstə gül verdin, ay qız” misrasının da maraqlı tarixçəsi var. Niyə oğlan qıza yox, qız oğlana gül verir? Bu maraqlı hadisə müharibə dövründə olub. Ənvər Əlibəyli 416-cı Taqanroq diviziyasında batalyon komandiri olub və qələbəyə az qalmış yaralanır. Yaralı Ənvər Əlibəylini Mərdəkan qəsəbəsindəki hospitala göndərirlər. Gənclər İttifaqının üzvləri yaralı azərbaycanlı hərçilərə baş çəkməyə gəlirlər. Gənclər arasında Şövkət xanım da olur. Şövkət xanım qohumu, gələcək həyat yoldaşı Ənvərə gül təqdim edir. Mahnıdakı “Sən mənə bir dəstə gül verdin, ay qız, Qalmadı nə qüssəm, nə də ki dərdim” misraları bu hekayə ilə bağlıdır.
Anar Tağıyev

