İki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərəcək səfər
Bu gün, 17:51

İyul ayının 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə kömək göstərəcək bir səfər olacaqdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.
Qeyd edilməlidir ki, Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.
2024-cü ildə Slovakiya Prezidenti Peter Pelleqrini COP29 çərçivəsində Azərbaycana səfər edib. Həmin səfər çərçivəsində noyabrın 11-də iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirilib, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində olub. Həmçinin Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulanıb. Ümumiyyətlə bu səfər iki ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə də əməkdaşlığını nümayiş etdirdi və Azərbaycan üçün Slovakiyanın regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu.
Daha sonra isə ötən il dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri baş tutub, səfər zamanı ölkəmizin başçısı Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşlər keçirib, bir sıra mühüm sənədlər imzalanıb.
İyul ayının 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Ölkə başçısı deyib: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.
Slovakiya Prezidenti Peter Pelleqrini ilk ölaraq bildirib ki, “Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər”.
Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur.
“Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”, - o əlavə edib.
Beləliklə, bu səfər iki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərəcəkdir.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

