İki ölkə başçısının görüşü strateji əməkdaşlığı dərinləşdirir
Bu gün, 17:39

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrin Azərbaycana rəsmi səfərə gəlib. Bakıda iki ölkə başçıları arasındakı görüşlər və aparılan danışıqlar Azərbaycanın Avropadakı siyasi mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər açılıb. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib.
İki dövlət başçısının Şuşada keçirdikləri görüş bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə regionun deyil, Avropanın enerji və siyasi təhlükəsizlik arxitekturasının açar oyunçularından biridir. Slovakiya ilə siyasi dialoqun dərinləşməsi Bakı üçün Mərkəzi Avropaya açılan strateji diplomatik körpü rolunu gücləndirir.
Xüsusilə enerji sahəsində aparılan müzakirələr Azərbaycanın etibarlı təchizatçı statusunu daha da möhkəmləndirir. Avropanın enerji böhranı fonunda Bakı alternativsiz tərəfdaş kimi çıxış edir. Slovakiyanın təsdiqlədiyi siyasi etimad Azərbaycanın balanslı və praqmatik xarici siyasətinin nəticəsidir.
İqtisadi əməkdaşlıq isə təkcə ticarət dövriyyəsi ilə məhdudlaşmır, investisiya və birgə sənaye layihələri üçün də yeni imkanlar yaradır. Azərbaycanın nəqliyyat-logistika imkanları Slovakiya üçün Orta Asiya və Cənubi Qafqaza çıxış baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, Bakının Şərq–Qərb nəqliyyat xəttində mərkəzi mövqeyini bir daha təsdiqləyir. Eyni zamanda enerji təhlükəsizliyi mövzusu Azərbaycan–Slovakiya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yaxınlaşdırır. Prezident İlham Əliyevin apardığı danışıqlar Azərbaycanın təşəbbüskar və gündəm formalaşdıran tərəf olduğunu açıq şəkildə ortaya qoyur.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib ki, “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.
Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Ölkə başçısı deyib: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.
Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı ilk ölaraq bildirib ki, “Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər”.
Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur.
“Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”, - o əlavə edib.
Slovakiya ilə əlaqələrin dərinləşməsi Azərbaycanın Avropa İttifaqı daxilində siyasi manevr imkanlarını da artırır. Əldə olunan razılaşmalar Azərbaycanın regional layihələrdə rolunu qlobal müstəviyə daşıyır. Ən əsası isə bu danışıqlar Azərbaycanın sabitlik, etibarlılıq və strateji tərəfdaş imicini daha da gücləndirir. Bakıda keçirilən görüş Azərbaycanın Avropa siyasətində mövqeyini möhkəmləndirən və yeni real dividendlər vəd edən mühüm diplomatik mərhələdir.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

