Xiyarı ancaq işıqforun sarı işığında satmaq olacaq
Bu gün, 11:36

Azərbaycanda elə qərarlar verilir fikirləşirsən, bu, ancaq autizmli birinin təşəbbüsü ilə ola bilər. Autizm də bilirsiz nədir - insanın başqaları ilə ünsiyyət qurmasına, sosial əlaqələrə girməsinə və davranmasına mane olan beyin inkişafı pozuntusu. Örnək metro məsələsi. Bu xətləri ayırmaq nəyə gərək idi? 28 May lokasiya olaraq çox doğru qovşaqdır. Artıq bəlkə də idi… Dəmir yol vağzalı orda, şəhərin tən ortası, avtobus qovşağı da orda. Niyə dağıdırsız axı? Yerinə nə qoyacaqsız? Bir vətəndaşla ünsiyyətə, sosial əlaqəyə girin, sonra davranın da. Bunun şəhərdə necə xaos yaradacağını görmürsüz? Elmlər Akademiyası stansiyası ətrafına şəhərin Gənclik-Neftçilər-Əhmədli-Həzi Aslanov istiqamətində yaşayan onminlərlə tələbə gəlir. Üstəlik o istiqamətdə yerləşən Bakı kəndlərində yaşayıb Nizami stansiyasından o yana hər gün gedib-gəlməli olanlar. Universitetlərdən başqa təkcə ərazidəki nazirlikləri, rəsmi qurumları əlavə etsək say 10-20-yə qatlanır. Bu qədər adamı 1 il gündə 2 dəfə Bakının mərkəzinin dar, basırıq yollarında qoymaq üçün ancaq gərək toplumdan autda olasan. Az qala gözlə görünəcək məsafəyə 60 qəpik gedişhaqqı da bir ayrı məsələ. Yəqin autlular velo yollarının yanında bir dənə də moto yolu çəkmək istəyirlər, pulunu tələbələrə ödədirlər. Başqa fikir beynimə gəlmədi. İqtisadi qərarlar belə, şəhərsalma qərarları belə, təhsil, səhiyyə qərarları belə… Burda yaşamaq üçün autluların beyin müstəvisində düşünməyi öyrənmək lazımdır( Sabah hökumətin bir üzvü durub desə ki, bundan sonra xiyar ancaq işıqforun sarı işığı yananda yeraltı keçiddə satıla bilər, avtobus dayanacaqları binaların təpəsində olacaq, sərnişin binoklla avtobusun gəldiyini görəndə liftə minib, pilləkanla qaçıb ona çatmalıdır, təəccüblənmərəm. Metro qərarında prinsipial fərqi nədir ki?
Aygün Muradxanlı

