Aşağı instansiyalara ünvanlanan müraciətlər ya cavabsız qalır, ya formal cavablarla yola verilir, ya da ümumiyyətlə mahiyyəti üzrə araşdırılmır.
Dünən, 17:22

Son bir neçə gündə haqqı-hüququ tapdanan (ən azı biz belə düşünürük) üç vətəndaşın taleyi ilə yaxından tanış oldum.
Birincisi özüməm. Cüzi məbləğdə qalan kredit borcuma görə icraçı tərəfindən banka göndərilən, əməkhaqqımın yalnız 50 faizinə həbs qoyulmasını nəzərdə tutan icra vərəqi faktiki olaraq tam əksinə icra edildi. "Bank Respublika" əməkhaqqı hesabıma 100 faizlik həbs qoydu. Səbəb kimi isə bildirildi ki, bankın texniki imkanları 50 faizlik həbs tətbiq etməyə imkan vermir. Yəni hər ay öz maaşımın 50 faizini ala bilmək üçün banka gedib növbəyə dayanmalıyam.
Bununla bağlı Mərkəzi Banka müraciət etdim. Təəssüf ki, müraciətimin mahiyyəti araşdırılmadı. Bankın Mərkəzi Banka göndərdiyi cavabda söhbət mənim 7 may 2026-cı il tarixində şikayət etdiyim 29 aprel 2026-cı il tarixli icra vərəqinin icrasından yox, 15 may tarixli başqa bir icra sənədindən gedirdi. Ən azı belə görünür ki, Mərkəzi Bank bu ziddiyyətə diqqət yetirməyi lazım bilmədi. Halbuki sadə bir sual kifayət edirdi: vətəndaş 7 may tarixində şikayət edibsə, 15 may tarixli sənəd həmin şikayətə necə cavab ola bilər?
Mən isə ali qurumdan bu laqeydliyi görəndən sonra məsələni uzatmamaq üçün kredit borcumu tam ödədim. Amma buna baxmayaraq, günlər keçsə də, hesabımdakı həbs götürülmür.
İkinci nümunə Qazax rayonunun işğal altındakı kəndlərindən birindən olan məcburi köçkün ailə dostumuza aiddir. Onun Bakıdakı evi faktiki olaraq mənimsənilib. Kommunal ödənişlər edilmədiyi üçün xidmətləri dayandırsa da, aylardır kirayə haqqı ödəməyən şəxs qanunsuz şəkildə xətləri yenidən qoşdurub. Vətəndaş aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticə sıfırdır.
Üçüncü nümunə isə peşə məktəbinin direktorunun işdən çıxarılması ilə bağlıdır. O hesab edir ki, əmək münasibətlərinə qanunsuz xitam verilib və bununla bağlı aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət edib. Lakin iddiasına görə, müraciətləri araşdırılmır, səsləndirdiyi suallara cavab verilmir.
Belə çıxır ki, hər üç halda vətəndaşın son ümid yeri cənab Prezident olur. Çünki aşağı instansiyalara ünvanlanan müraciətlər ya cavabsız qalır, ya formal cavablarla yola verilir, ya da ümumiyyətlə mahiyyəti üzrə araşdırılmır.
Belə olan halda insanlar dərdlərini ictimailəşdirmək, mediaya müraciət etmək istəyirlər. Amma burada da müxtəlif məhdudiyyətlərlə üzləşirlər. Problemi ictimailəşdirən media təzyiqə məruz qalır və. s. Nəticədə cəmiyyətdə belə bir təsəvvür yaranır ki, vətəndaş nə səsini aidiyyəti qurumlara çatdıra bilir, nə də ictimaiyyətə.
Bu yanaşma kimin maraqlarına xidmət edir? Dövlətin, yoxsa qanunsuzluq edənlərin? Vətəndaşın səsinə qulaq tıxamaq problemləri həll etmir, əksinə, onları daha da dərinləşdirir.
Fikrimcə, vətəndaşların şikayətləri üzrə ayrıca bir qurum yaradılmalıdır və həmin qurum BİRBAŞA PREZİDENTƏ tabe olmalıdır. Məhkəməyə qədər bu qurum araşdırmalıdır şikayətləri. Bu, həm məhkəmələrin işini yüngülləşdirər, həm də şikayətlərin sürətli araşdırılıb qərar verilməsinə nail olar. Bizim kimi cəmiyyət üçün başqa yol yoxdur, təəssüf ki... Əks halda "yuxarılardan" gələn tapşırıqla ən böyük dələduzluğu, pisliyi edənlər belə "aşağılarda" qorunub-qollanacaq. Bu isə sosial narazılığı artırmaqdan başqa heç nəyə xidmət etmir
Hebibe Abdulla

