İLDIRIM GÖYDƏ NECƏ YARANIR?
Bu gün, 09:34

İldırım təbiətin yaratdığı ən möhtəşəm elektrik hadisələrindən biridir. O, əslində, fizika qanunlarının gözümüzün qarşısında baş verən möhtəşəm bir nümunəsidir.
Hər şey buludun içində başlayır. Güclü hava axınları su damcılarını, buz kristallarını və xırda dolu dənələrini fasiləsiz olaraq bir-biri ilə toqquşdurur. Bu toqquşmalar zamanı elektronların bir hissəsi bir hissəcikdən digərinə keçir. Elektron qazanan hissəciklər mənfi, elektron itirən hissəciklər isə müsbət yüklənir. Nəticədə buludun aşağı hissəsində əsasən mənfi, yuxarı hissəsində isə müsbət elektrik yükləri toplanır.
Buludun aşağı hissəsində toplanan mənfi elektronlar Yer səthindəki elektronları aşağı itələyir. Bunun nəticəsində ağacların, binaların, dağların və digər hündür cisimlərin yuxarı hissəsində elektronların sayı azalır. Elektronların azalması həmin hissələrin müsbət yüklü vəziyyət almasına səbəb olur. Beləliklə, buludla Yer arasında çox güclü elektrik sahəsi yaranır.
Normal halda atmosferin əsas hissəsini təşkil edən azot və oksigen elektriki keçirmir. Lakin buludda yaranan milyonlarla voltluq gərginlik bu qazları ionlaşdırır, yəni havanı elektrik keçirən plazma kanalına çevirir. Fizikada bu proses pilləli lider adlanır və elektrik boşalması havada addım-addım özünə yol açır.
Göydə gördüyümüz o gözqamaşdıran parıltı, əslində, elektrik boşalmasının yaratdığı, maddənin dördüncü halı olan plazmanın parıltısıdır.
Əvvəlcə buludlarda elektronlar toplanır, sonra güclü elektrik sahəsi yaranır, ardınca hava ionlaşaraq elektrik kanalı əmələ gətirir və nəticədə ildırım çaxır, bir neçə saniyə sonra isə göy gurultusu eşidilir.
İldırımın işığını gördükdən sonra göy gurultusunu eşidənə qədər keçən saniyələri 3-ə bölün. Alınan nəticə ildırımın sizdən təxminən neçə kilometr uzaqda baş verdiyini göstərir.
Deməli, göydə gördüyümüz ildırım təsadüfi bir hadisə deyil. O, elektronların hərəkəti, havanın ionlaşması və elektrik boşalması nəticəsində yaranan, tamamilə fizika qanunlarına tabe olan möhtəşəm bir təbiət hadisəsidir.
Aftandil Sadiqov
TEREF

