65 il əvvəl, 1961-ci il avqustun 13-də Şərqi Berlində yaşayan almanlar belə bir mənzərə ilə qarşılaşdılar.

Bu gün, 11:54           
65 il əvvəl, 1961-ci il avqustun 13-də Şərqi Berlində yaşayan almanlar belə bir mənzərə ilə qarşılaşdılar.
Polis, hərbçilər və drujinaçılar Qərbi Berlinə gedən yolları bağlamışdılar. Bundan sonra şəhər daxilində gediş-gəliş sərbəst olmayacaqdı. Qısa müddət sonra isə Berlin divarı tikildi. Ailə üzvləri, qohumlar, dostlar, sevgililər bir-birindən, işçilər iş yerindən, şagirdlər və tələbələr təhsil müəssisələrindən ayrı düşdülər.
Avropada müharibənin bitməsinə üç ay qalarkən, 1945-ci ilin fevralında keçirilən Yalta konfransında Almaniyanın dörd işğal zonasına bölünməsi qərara alındı: ABŞ, Böyük Britaniya, Fransa və SSRİ işğal zonalarına. Almaniyanın paytaxtı Berlin sovet işğal zonasına düşürdü, amma bu şəhər tamamilə SSRİ-nin nəzarətində olmayacaqdı. Burada da dörd işğal sektoru yaradıldı.
Əvvəlcə həm Almaniyada, həm Berlində gediş-gəliş sərbəst idi. Hətta 1949-cu ildə Qrbi və Şərqi Almaniya, Qərbi və Şərqi Berlin yaranandan sonra da. Belə vəziyyət Şərqi Almaniyadan qərbə doğru ciddi köçə səbəb oldu. 1950-ci ildə 187 min, 1951-ci ildə 165,6 min, 1952-ci ildə isə 182,4 min insan şərqdən qərbə köç etdi.
1952-ci ilin mayında Qərbi və Şərqi Almaniya arasında sərhəd istehkamları yaradıldı. Amma Berlində hərəkət hələ də sərbəst idi və insanlar bundan istifadə edərək qərbə köçürdülər. Berlin divarı tikilənə qədər 2,5-3,5 milyon insanın şərqdən qərbə qaçdığı təxmin edilir. Həmin il Şərqi Almaniya əhalisinin cəmi 17,1 milyon olduğu nəzərə alınsa, çox böyük faiz alınır.
Köçün iki əsas səbəbi vardı: iqtisadi və siyasi. Həm “Marşall planı” çərçivəsində ABŞ-ın göstərdiyi yardım, həm də iqtisadiyyat naziri Lüdviq Erxardın iqtisadi islahatları sayəsində Qərbi Almaniyada “alman möcüzəsi” baş verirdi. Müharibə nəticəsində tamamilə dağıdılan ölkə artıq 1960-cı illərin əvvəllərində iqtisadi göstəricilərinə görə dünyada lider dövlətlərdən birinə çevrildi. Şərqi Almaniyada isə şəxsi sahibkarlığın, demək olar, olmadığı, planlı iqtisadiyyat hökm sürürdü, kənd təsərrüfatında kollektivləşmə aparılırdı.
Bundan əlavə, Qərbdə demokratik cəmiyyət, çoxpartiyalılıq, azad seçkilər vardı. Şərqi Almaniyada isə totalitar quruluş, Ştazi siyasi polisinin nəzarəti vardı.
Nəticədə, sovet-alman rəhbərliyi sovet işğal sektorunu digər sektorlardan ayırmağı qərara aldı. Bu ayırmaq isə sadəcə divar tikmək kimi bəsit iş deyildi. Bütün şəhərlər kimi, Berlin də vahid infrastruktura malik idi.
Vahid su kanalı və kanalizasiya xətti, metropoliten və elektrik qatarı vardı. Su kanalları və kanalizasiya xətləri vasitəsilə qaçışların qarşısını almaq üçün möhkəm barmaqlıqlar qaynaq edildi. Elektrik qatarı xətti iki yerə bölündü. Metropoliten məsələsi isə daha mürəkkəb idi.
Vəziyyət elə gətirmişdi ki, Berlin metrosunun xətlərinin və stansiyalarının çoxu Qərb hissəsində idi. Bəzi yerlərdə xətt Qərbdən gələrək Şərq hissəsindən keçməklə yenidən Qərbə dönürdü. Belə xətləri işlək saxlamaq qərara alındı, lakin onların üzərindəki stansiyalar qapadıldı və orada qatarlar artıq dayanmırdı. Sonralar onlara "kabus stansiyalar" adı verildi. alnız Fridrixştrasse stansiyası xüsusi rejimdə fəaliyyətini davam etdidi və Şərqi və Qərbi Berlin arasında əsas keçid məntəqələrindən birinə çevrildi.
Daha bir problem isə girişi sovet işğal zonasından olub pəncərələri digər işğal zonasına açılan yaşayış binaları idi. Sərhədin bağlandığı ilk günlərdə bu binalar vasitəsilə xeyli adam qaçdı. Lakin tezliklə bu binalar nəzarətə götürüldü, pəncərələr kərpiclə hörüldü. Sonrakı illərdə isə həmin binalar söküldü, yerlərində sərhəd divarının davamı çəkildi.
Hündürlüyü 3,6 metr olan Berlin divarının ümumi uzunluğu 155 kilometr idi. Bunun təxminən 43 km-i Qərbi Berlini Şərqi Berlindən, qalanı isə Almaniya Demokratik Respublikasından ayırırdı. İldən ilə Berlin divarı daha mürəkkəb, daha ciddi qorunan sərhəd istehkamına çevrilirdi. Bununla belə, divarın mövcud olduğu 28 il ərzində 5 mindən artıq insan ən müxtəlif yollarla "kommunist cənnəti"ndən “çürüməkdə olan kapitalizmə” qaçmağı bacardı. Minlərlə insanın cəhdi isə uğursuz oldu, onların böyük əksəriyyəti həbsə məhkum edildi, yüzlərlə insan isə açılan atəş nəticəsində öldürüldü.
1989-cu il noyabrın 9-da Berlin sakinlərinin spontan şəkildə sökməyə başladıqları, indi də bəzi fraqmentlərinin saxlanıldığı Berlin divarı totalitarizmin azad cəmiyyət qarşısında məğlubiyyətini simvoludur.
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru