Qürbətdə motal pendirinin dadı

Bu gün, 12:34           
Qürbətdə motal pendirinin dadı
Almaniya dünyada ən çox pendir növünün olduğu ölkələrdən biridir. Pendir ölkəsi kimi tanınan Niderlandla aramız isə cəmi 15 dəqiqəlik yoldur. Burada çeşid daha çoxdur və demək olar ki, istənilən növ pendiri tapmaq mümkündür.
Amma bütün bu bolluğun içində motal pendirinin əvəzini, daha doğrusu, onun dadını tapa bilmirəm.
Hər il Azərbaycandan, daha dəqiqi, Yardımlıdan (əsasən Alar və Arvana kəndlərindən) və ya Lerikdən qoyun və keçi südündən hazırlanmış, özünəməxsus dadı olan pendir gətizdirirəm. Bu il qardaşım Faiq mənim üçün Yardımlının Alar kəndində şəkisi 5 kq olan pendir motalını alıb.
Almaniyadakı bəzi gənc dostlarım bəzən motal pendirinin düşkünü olduğuma görə mənə irad tuturlar. Daha bilmirlər ki, müəyyən yaşdan sonra insan istəsə də ağız dadını dəyişə bilmir. Uşaqlıqdan, gənclikdən yaddaşımıza hopan bəzi dadlar illər keçsə də dəyişmir.
Dünyanın ən bahalı ərzaqlarını dadırsan, amma qarşına uşaqlığından tanıdığın bir dad çıxanda dərhal onu seçirsən.
Bəzən düşünürəm ki, bu halda tapdığım təkcə motal pendirinin dadı deyil — həm də keçmişim, xatirələrim və əlimdə pendir-çörək ətri çox-çox uzaqlara yayılan bərəkətli təndirlərin ətrafında qaçdı tutdu oynayan qayğısız uşaqlıq çağlarımın dadıdır və bu dadın yəqin ki, məhz buna görə alternativi yoxdur.
Alovsat Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru