Ürəyinə qurban olum, Kərəm Məmmədli!
18-08-2026, 00:06

Ürəyinə qurban olum, Kərəm Məmmədli!
Bir gün Şah İsmayılla bağlı geniş çıxış etmişdim. Üstündən hətta 2-3 gün keçmişdi. Axşam saat 23 radələri olardı. Müəllimim, tarixçi alim Kərəm Məmmədov zəng elədi. "Qağa, nə var, nə yox" deyə əvvəlcə hal-əhval soruşdu. Sonra qayıtdı ki, ayə, sən nə qədər Şah İsmayılı gözəl izah eləmisən, mən bunları sənə nə zaman öyrətdim?- görünür bir az motivasiya vermək istəyirdi. Ardınca bir-iki xoş sözlər dedi. Kərəm müəllimin mənim həyatımdakı yeri başqadır. Bunu bütün doğmalarım, ailəm, yaxınlarım, eləcə də Kərəm müəllimin doğmaları bilir. Elə bu vəsilə qayıtdım ki, hocam, telefonu səsgücləndiriciyə qoşuram, xahiş edirəm, dediyinizi uşaqlar da eşitsin. Səmimiyyəti olduğu kimi saxlamaq üçün olduğu kimi deyəcəm, ilk sözü bu oldu: "Gəlinbacı eşidirmi? Ayə, sənin ürəyinə qurban olum..." Yenə olduqca xoş sözlər söylədi, təvazökarlıq baxımından burada yazmağı doğru saymıram.
Kərəm müəllim- o böyük ÜRƏK SAHİBİ ürək problemi üzündən aramızdan tez ayrıldı. Kərəm müəllimlə, bəzən fikir ayrılıqlarımız olardı, şəxsi müzakirələrmizdə bunu dilə gətirməkdən çəkinməzdim. Amma Kərəm müəllimin bir oxumaq, araşdırmaq, öyrətmək sevdası vardı. Bu sevdasının içində, açıq deyəcəm, bir imperial ruh vardı. Oxuyurdu, araşdırırdı, öyrədirdi, biz böyük düşünməyə başlayanda qarşımıza sədd qoyurdu. Bunu, bəs, necə həll edəcəksiniz? Bax, o suallar bizə heç zaman başımızdan böyük düşünməyə qoymadı, amma kiçik düşünməyə, natamamlıq kompleksinə düşməyə də imkan vermədi. O bizə sərhədsiz, amma tədbirli düşünməyi öyrətmişdi.
Bu gün Kərəm müəllimin oğlu Oğuz Kərəmoğlu ilə tamamilə şəxsi
bir məsələ ilə danışdım. Oğuz dedi ki, bəs, biz sünniyik. Desəm ki, heyrətləndim, yalan olar. Amma desəm ki, heyrətlənmədim o da yalan olar. Mənə Şah İsmayılı sevdirən o böyük alim məgər bir sünni imiş... və üstəlik, Oğuzun təbirincə desəm, 7 arxa dönəni ilə...
Məsələ necədir, sadə şəkildə izah edim. Kərəm müəllim mənə Şah İsmayılı bir məzhəbin nümayəndəsi kimi yox, Azərbaycan orta çağ tarixinin ən qüdrətli mərhələsinin lideri kimi sevdirib. Kərəm müəllim nə Şah İsmayılın məzhəbinə baxıb, nə özünün, nə mənim. Gerçək bir tarixçi kimi, gerçək bir alim kimi, gerçək bir ziyalı kimi sadəcə, o, Azərbaycanı öyrənib və öyrədib. O, sadəcə BÖYÜK DÜŞÜNCƏLİ, BÖYÜK ÜRƏKLİ AZƏRBAYCAN ALİMİ OLUB!
Ürəyinə qurban olum, Kərəm müəllim!
Taleh Şahsuvarov
TEREF

