Babəklə Şah İsmayıl arasında təxminən yeddi yüz il var.
Bu gün, 08:54

Babəklə Şah İsmayıl arasında təxminən yeddi yüz il var. Ayrı-ayrı zamanlarda yaşayıblar, ayrı-ayrı qüvvələrlə vuruşublar. Amma ikisinin də adı Azərbaycanın yaddaşında qalıb. Özü də elə-belə yox.
Babəki bəzi toplumların "kafir" və ya "İslam düşməni" adlandırması düzgün deyil. Bu məsələ çox sadələşdirilib. O dövrün tarixçiləri Babək haqqında "zındıq", "mulhid" və buna bənzər ifadələr işlədiblər. "Zındıq" sözü dinə inanıb sonradan dindən çıxan şəxsə deyilir. Xilafət zamanında siyasi-dini ittiham kimi də istifadə olunub. Babək haqqında bu ifadənin işlədilməsi onun mütləq Allahı inkar etdiyini deyil, xilafətin nəzərində "dindən çıxmış şəxs" olduğunu göstərir. Babək Abbasi xəlifəsinə qarşı vuruşurdu və xilafətin siyasi-dini baxışında xəlifənin hakimiyyətinə qarşı çıxmaq dini nizama qarşı çıxmaq kimi də təqdim edilirdi. Yəni burada Peyğəmbərin (s) İslamı ilə xilafətin siyasi-dini anlayışını bir-birindən ayırmaq lazımdır. Oxşar siyasi məntiq Kərbəla hadisəsində də görünür: Həzrəti Hüseyn ibn Əlinin (ə) Yezid ibn Müaviyənin hakimiyyətinə qarşı çıxması hakimiyyət tərəfdarlarınca "itaətdən çıxmaq" kimi təqdim edilirdi. Deməli, bir şəxsin hakimiyyət tərəfindən "dindən çıxmış" və ya "azğın" adlandırılması onun Allahı inkar etdiyinin sübutu deyil.
Şah İsmayılda isə məsələ daha aydındır. O, müsəlman hökmdar idi, Səfəvi təriqətinin başçısı idi və Əhli-Beyt (ə) sevgisini öz dünyagörüşünün və qurduğu dövlətin əsas dayaqlarından birinə çevirmişdi.
İndi əsl oxşarlıq nədədir? Bax, əsas məsələ budur: hər ikisi öz zamanında böyük siyasi güclərə qarşı durub və Azərbaycan torpaqlarını böyük tarixi hadisələrin mərkəzinə çıxarıb. Babək uzun illər Abbasi xilafətinə qarşı vuruşub, ağır mübarizə aparıb və sona qədər təslim olmayıb. Şah İsmayıl isə əsrlər sonra böyük bir dövlət qurub, Azərbaycanı həmin dövlətin siyasi mərkəzinə çevirib. Xalqın yaddaşında onların yeri eyni deyil, amma hər ikisinin çox böyük yeri var. Babək daha çox azadlıq, müqavimət və boyun əyməməyin rəmzi kimi yaşayır. Şah İsmayıl isə dövlətçilik, siyasi birlik, türk dili və ədəbiyyatı, eləcə də Əhli-Beyt (ə) sevgisi ilə yadda qalıb. Əsrlər keçib, hakimiyyətlər dəyişib, sərhədlər dəyişib, amma bu iki ad xalqın yaddaşından silinməyib.
Bir də bunları birləşdirən başqa bir məsələ var: sonrakı dövrlərdə hər ikisini müxtəlif məqsədlərlə yozublar. Kimisi onları göylərə qaldırıb, kimisi isə əksinə, gözdən salmağa çalışıb. Ona görə Babək və Şah İsmayıl haqqında danışanda sonrakı əsrlərin onların üzərinə yapışdırdığı etiketləri bir kənara qoyub, mümkün qədər yaşadıqları dövrün şəraitinə və mənbələrinə baxmaq lazımdır. Bu gün də Babəki və Şah İsmayıl Xətaini aşağılayan, onları xalqın yaddaşından silməyə, tariximizdən çıxarmağa çalışan adamlar var. (Onlara adam dediyim üçün adamlardan üzr istəyirəm) Məncə, burada da bir sual vermək lazımdır: niyə? Bu iki şəxsiyyətin adının xalqın yaddaşında qalması kimə və nəyə mane olur?
Çox güman ki, kimisi bunu onların dini, əqidəvi və məzhəbi görüşlərinə görə edir. Kimisi onların bu torpaqlarda böyük siyasi güc yaratmaq, parçalanmış qüvvələri bir yerə toplamaq və vahid hakimiyyət qurmaq uğrunda apardıqları mübarizəni qəbul etmir. Kimisi də sadəcə bu xalqın tarixində böyük adların olmasını həzm edə bilmir. Səbəb nə olursa-olsun, bir xalqın tarixi şəxsiyyətlərini bilərəkdən alçaltmaq, onları yaddaşdan silməyə çalışmaq, nəticədə həmin xalqı öz tarixi yaddaşından uzaqlaşdırmağa xidmət edir. Çünki xalqın yaddaşından Babəki çıxarsan, onunla birlikdə bir müqavimət tarixini də çıxarırsan. Şah İsmayılı çıxarsan, bütöv bir dövlətçilik mərhələsini, Azərbaycanın siyasi mərkəz olduğu böyük bir dövrü və Xətainin türk dilində qoyduğu ədəbi irsi də kənara atmalı olarsan. Tarix isə xoşumuza gələn adamları saxlayıb, xoşumuza gəlməyənləri pozduğumuz dəftər deyil.
Babəki sevməyə bilərsən. Şah İsmayılın siyasətini tənqid edə bilərsən. Bu, normaldır. Tarixi şəxsiyyət tənqid olunmalıdır da. Amma tənqidlə tarixi şəxsiyyəti xalqın yaddaşından silməyə çalışmaq tamam ayrı şeylərdir. Birincisi tarixə münasibətdir, ikincisi isə tarixi yaddaşla mübarizədir.
Şah İsmayıl Babəkin davamçısı deyildi. Aralarında əsrlər, fərqli dünyalar və böyük fərqlər var. Amma onların yollarının kəsişdiyi bir yer var: dirənmək, iradə göstərmək və bu torpağın tarixində silinməyən iz qoymaq.
Bəlkə elə buna görə onların haqqında mübahisələr bu gün də bitmir. Çünki Babək də, Şah İsmayıl Xətai də sadəcə keçmişdə yaşayıb getmiş iki adam deyil. Bu xalq tarix, dövlət, azadlıq, kimlik və öz keçmişi haqqında düşünəndə qarşısına çıxan böyük tarixi adlardandır.
Onları sevmək məcburi deyil. Amma onları tarixdən silmək də heç kimin başı üçün deyil...
Namiq Haşimzadə

