Bir ömrün səlnaməsi - Vəfa Fətullayeva

Bu gün, 12:34           
Bir ömrün səlnaməsi - Vəfa Fətullayeva
Mən dünyaya gələndə ən çox sevinən atam olmuşdur. O zaman onun artıq 31 yaşı vardı və həyatında ilk dəfə idi bu hissi yaşayırdı. Sonralar danışardı ki, o gün doğum evinin qarşısında ata olduğumu eşidəndə sevincimdən nitqim tutumuşdu. Tibb işçiləri, xəstəxananın həyətində olan digər insanlar məni təbrik edirdilər, mən isə onlara təşəkkür etməyə söz tapa bilmirdim. Sevincimdən sanki səmada uçurdum, nə etdiyimin fərqinə varmırdım. Atam təbiətən çox mülayim, sakit insan olub, amma həmin gün özündən asılı olmayaraq tamam başqa cür davranıb. O, uzun illərdən sonra ata olmuşdur, bu hissləri sözlə ifadə etmək olduqca çətindir. Hətta anam üçün aldığı bir dəstə qızılgülün ləçəklərini qopararaq doğum evinin həyətinə səpmişdi. Hökumə də pəncərədən baxıb görür ki, hər tərəf qırmızı rəngə bürünüb. Bütün bunları mənzilindən müşahidə edən üz-üzə binada yaşayan Münəvvər Kələntərli balkondan səslənir ki, "ay Hökumə xanım, yerlimin qədrini bilin. Belə kişi bir də çətin ələ düşər". Əlbəttə, Münəvvər xanım bunu zarafatyana demişdi. O, bizim ailəyə yaxın insan idi. Yadımdadır, 1950-ci illərdə bizə tez-tez gələrdi. Onun vaxtsız dünyasını dəyişməsi mənə çox pis etmişdi. Anam da gülümsəyərək "Ay qız, hamısını yolub töküb yerə, heç olmasa barı birini saxlayardı", söyləyib. Bunu görən qoca bağban xəstəxananın həyətində əkdiyi güllərdən dərib atama verib ki, aparın bunları həyat yoldaşınıza hədiyyə edin qoyun sevinsin. Hökumənin isə bir gözü gülürdü, o biri ağlayırdı. Çünki əkiz qardaşım tələf olmuşdu. Yazıq anam bilmirdi sevinsin yoxsa kədərlənsin. Həmin gün atam doğum evində həkimdən səbirsizliklə xəbər gözləyərkən skamyada oturub ağ vərəqdə karandaşla rəsm çəkmişdi. Düşüncələrini belə təsvir etmişdi ki, anam pəncərədən qucağındakı körpəni ona göstərir, atam da həyətdə dayanıb əlində gül-çiçək, təbəssümlə onlara baxır. Çox maraqlı görüntü alınmışdı. Atamın qara karandaşla çəkdiyi şəkildə məni təəccübləndirən bilirsiniz nə olmuşdu? Ag kağızda təsvir olunan körpə, qız idi. Hansı ki, atam şəkili çəkərkən hələ övladının qız yaxudda oğlan olacağını bilmirdi. Çünki mən rəsm hazır olandan 3 saat sonra doğulmuşam. Demək ki, o, xəyalında qızının olmasını arzu edib. Baxmayaraq ki, əksər ailələrdə atalar həmişə oğul istəyirlər. Bu nəsilin davamçısı kimi qiymətləndirilir. Belə düşüncədə olan kişilərə görə, neçə-neçə ailələr dağılıb, qadınlar bədbəxt olub. Nüsrət Fətullayev üçün isə bunun heç bir əhəmiyyəti yox idi. Təəssüf ki, allah valideynlərimə bir daha belə hissləri yaşamağı nəsib etmədi. Mən onların sonbeşiyi oldum. Atamın 1945-ci ilin avqustun 25-də Əzizbəyov adına doğum evinin həyətində çəkdiyi həmin şəkili uzun illər albomumda saxladım, Zaura da göstərmişdim. Ailəm dağılandan bir neçə gün sonra anam onu sobaya ataraq yandırdı. Səbəbini soruşanda gözləri doldu, heç bir söz demədi, məni qucaqlayıb uşaq kimi ağladı. Bilirsiniz, o susqunluqda nələr vardı? Mənim ad günüm yay fəslinin ən qızmar ayına təsadüf edir. Uşaqlıq illərimdə avqustun gəlişini səbirsizliklə gözləyərdim. İl təzə başlayan vaxtdan hazırlaşardım, özümə don tikdirərdim, təzə ayaqqabı alardım, istəyirdim həmin gün gözəl görünüm. Çünki anam teatrdan sənət yoldaşlarını dəvət edirdi. Atamın dostları da gələrdi və evimizdə böyük məclis qurulardı. Gecə yarısına qədər qonaqlıq davam edərdi. Çoxlu hədiyyələr gətirirdilər, hamısını səliqə ilə yığıb saxlayardım. Düzdür, onlar elə də bahalı deyildi, amma məni xoşbəxt edirdi. Aktrisa olduğum illərdə ad günlərimdə dostlarım qiymətli əşyalar bağışlayırdı, onlara heç gözümün ucu ilə də baxmırdım. Uşaqlıqda verilən adi bir gəlincik mənim üçün daha dəyərli idi. Çoxunu 1980-ci illərə qədər saxlamışdım, bir-birindən maraqlı oyuncaqlar, gəlinciklər, əllə toxunan corablar, ayaqqabılar, bəzəkli donlar, köynəklər, muncuqlu boyunbağılar, rəngli karandaşlar və s. Hamısı təzə qalmışdı, sanki mağazadan bu gün alınıb. Hər dəfə darıxanda yığardım masanın üzərinə, onlara baxıb keçmiş günlərimi yada salırdım. Hansını nə zaman və kim bağışlayıb dəqiq xatırlayırdım. Xəstəliyimin ağır dönəmində anam onları məndən xəbərsiz aparıb yetimlər evinə vermişdi, deyirdi düşər-düşməzi olar. Düz bir həftə gözümün yaşı qurumadı. Amma nənəmin mənə 7 yaşımda hədiyyə etdiyi çəhrayı yaylığı, o dünyasını dəyişən günə kimi qoruyub saxladım. Uzun illər keçməsinə baxmayaraq ətri hələ də üstündə qalmışdı. Uşaqlıq və gənclik illərim çox gözəl keçib. Sonra hər şey birdən dəyişdi. Sanki yuxuda idim kimsə məni oyatdı və mən tamam başqa aləmə düşdüm. Həyatımda yalnız 13 yaşımda ad günümü 1 ildə iki dəfə qeyd etmişəm. Buna səbəb o olmuşdur ki, sinif yoldaşlarımın çoxunun doğum günləri dərs mövsümünə düşürdü, birlikdə qeyd edirdik. Mənim ad günüm isə tətil zamanına təsadüf etdiyindən onları dəvət edə bilmirdim. Çünki əksəriyyəti bağda və yaxudda başqa şəhərlərdə dincəlirdilər. Bir dəfə anama dedim ki, icazə ver bu il ad günümü sentyabr ayına keçirim, sinif yoldaşlarımı çağırım evimizə. Anam da dedi ki, "Vəfa, avqustun 25-i birlikdə qeyd edək, çünki teatrdan sənət yoldaşlarım da gələcək, nənəm, xalam, dayım həmin gün bizə yığışırdılar. Sonra sən nə vaxt istəsən öz sinif yoldaşlarını çağırarsan şənlənərsiniz, biz sizə mane olmarıq. Məsələnin çətin tərəfi direkroru razı salmaq idi, anamdan xahiş etdim onunla danışsın, amma o, etirazını bildirdi. Dedi sözümü yerə salsa özümü bağışlaya bilmərəm. Çünki məktəbin direktoru Aron Davıdoviç olduqca ciddi insan idi, onu nədəsə razı salmaq asan başa gəlmirdi. Hökumənin mənfi xüsusiyyətlərindən biri də bu olub ki, şəxsi məsələ üçün heç kimə ağız açmırdı. Gördüm anam istəyimi yerinə yetirməyəcək özümü toparlayıb zəng etdim evlərinə. Direktorun telefon nömrəsini bilirdim 6-43-77. Dəstəyi həyat yoldaşı Bella Qriqoryevna qaldırdı. Onu çox yaxşı tanıyırdım müəllim idi, 150 nömrəli məktəblə işləyirdi. Asta səsələ tanışlıq verdim və Aron Davidoviçi soruşdum. Dedi ki, Aron yatıb telefon nömrəni qoyun, oyananda deyərəm sizə zəng edər. Sağollaşmaq istəyirdim elə bu an səsi uzaqdan eşidildi. Dəstəyi götürdü əhvalatı danışdım. Söylədi ki, "Vəfa, sentyabrın 1-i həftənin ilk gününə düşür, başım qarışıq olacaq. Bəlkə başqa vaxta keçirəsən? Dedim yox, mən istəyirəm dərsdən sonra bütün uşaqlar bizə gəlsin, axı onları 3 aydır görmürəm. Çox darıxmışam axşama qədər birlikdə vaxt keçirərik. Əslində belə etməklə məsuliyyəti direktorun üzərinə qoyurdum. Axı uşaqların valideynlərindən icazə almaq lazım gələcəkdir. Bunu isə yalnız Aron Davidoviç edə bilərdi. Nəhayət uzun sürən yalvar-yaxardan sonra çətinliklə də olsa onu razı sala bildim. Anam və nənəm axşamdan hazırlıq görmüşdülər. Sentyabrın 1-də səhər düzülüşündə dedim ki, uşaqlar sonuncu dərsdən sonra hamınızı ad günümə dəvət edirəm. Evimiz məktəblə üz-üzə idi, pəncərədən baxanda otağımın içərisi görünürdü. İlk dərs günü sinif yoldaşlarım Aron Davidoviçlə birgə bizə gəldilər. Hələ mənə hədiyyə də almışdılar. Direktor 1 saata yaxın oturdu sonra getdi və uşaqlara tapşırdı ki, axşam 17:00-da hamınız bir nəfər kimi evinizdə olursunuz. Onun tapşırığını yerinə yetirməmək mümkün deyildi. Beləliklə, 1958-ci ildə avqustun 25-i və sentyabrın 1-də ardıcıl iki dəfə ad günümü qeyd etdim. Bu həyatımda ən yadda qalan günlərdən biri oldu. Ancaq böyüdükcə hər şey adiləşməyə başladı. Əsasən də 1970-ci illərin sonlarından başlayaraq ad günlərimdə əvvəlki kimi sevinə bilmirdim. Heç həmin günü qeyd etmək belə istəmirdim, anam balaca hazırlıq görürdü ailəlikcə bir yerə yığışardıq. Yox, yaşa dolmaqdan qətiyyən qorxmurdum, sadəcə uşaqlığımdan uzaq düşməyim məni üzürdü. O xatirələr gözlərimin önündə canlananda hönkür-hönkür ağlayırdım. Sonuncu doğum günümü 1986-cı ilin avqustun 25-də qeyd etdik. Əslində bunun son olacağı heç ağlımdan belə keçməzdi. Düzdür, xəstəliyimin sağalmaz olduğunu anlayırdım, ancaq ölümün qapının kəndarında gözlədiyini düşünməmişdim. Leçkomissiyada yatanda Tolstoy küçəsi 160, mənzil 18-də keçirdiyim acılı-şirinli günlərim üçün burnumun ucu göynəyirdi. Həyatımın ən xoşbəxt illərini məhs həmin dövrdə yaşadım. Könhə evimizdən köçən andan tənhalığa məhkum olundum. Beləcə ömrümün sonuna qədər o məni addım-addım təqib etdi. Qurtula bilmədim tanhalıqdan, bəlkə də heç özüm buna cəhd göstərmədim. Hər şeyi taleyin öz hökmünə buraxdım. O isə mənimlə amansız rəftar etdi. Sonrakı illərdə ətrafımda çoxlu insanlar peyda oldu, sənət yoldaşlarım, dostlarım, saysız-hesabsız pərəstişkarlarım. Mən isə onların arasında özümü axtarırdım. Bax, budur tənhalıq...
Avqust ayının 25-i mənim ad günümdür. Mən 1945-ci ilin qızmar yay axşamında dünyaya gəlmişəm. Ömür yolum qısa olsa da, inanıram ki, doğmalarımın, məni sevənlərin xatirəsində hələ uzun illər yaşayacağam!
Vəfa Fətullayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]