Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeiri necə yaranıb?

Bu gün, 11:34           
Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeiri necə yaranıb?
Çox az adam tapılar ki, Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeirini eşitməmiş olsun. Bəs bu şeir necə yaranıb?
Qızmar yay günlərinin birində şair Qabil Sovetski küçəsindən piyada üzü aşağı Hüsü Hacıyev küçəsinə, evinə tərəf gedir və yolda susayır. Su satılan köşkə yaxınlaşır. Soyuq limonad alır, içə-içə balaca köşkə güclə yerləşən, şişman satıcı kişiyə baxır. Kişinin boynunda butulkaları açmaq üçün nəzərdə tutulan qapaq açan (atkrıvalka) var imiş və kişi ucuna ip salıb xaç kimi boynuna taxıbmış. Qabil kişiyə deyir ki, boynundan qapaq açanı (atkrıvalka) aç. Kişi də cavab verir ki, bu mənim alətimdir, tez-tez itirirəm, ona görə də boynumdan asmışam ki, lazım olan kimi tapım. Qabil isə eyni sözü təkrar edir. Kişi bu dəfə: “ay kişi, limonadın pulu-zadı lazım deyil çıx get. Xatanı uzaq elə məndən. Qoy pulumuzu qazanaq” - deyir. Qabil yenə kişidən qapaq açanı boynundan çıxarmasını tələb edir. Nəhayət, “cüssəli” limonad satan görür ki, deməklə mümkün olmayacaq, qolunun gücünü göstərmək üçün budkadan çıxmağa məcbur olur. Qabil dərhal oradan uzaqlaşır. Bu səhnə onu rahat buraxmır. Qabil düşünür... Axı niyə bu bədənlə, vücudla zavodda, fabrikdə işləməli olduğu halda, bu kişi limonad satmalıdır? Bu ki, kişi işi yox, qadın işidir. Məhz bu səhnə də “Səhv düşəndə yerimiz” şeirinin yaranmasına səbəb olur. Beşinci bənd isə limonad satana həsr olunmuşdur:
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Limonad satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Şeirin ilk variantı bu şəkildə olsa da, sonralar "Bir qeyrətsiz yekəpər qızılgül satar" şəklində dəyişdirilmişdir.
Klassik Ədəbiyyat İnciləri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]