1160 AVRODAN ÇEMPİONLAR LİQASINA

Bu gün, 11:26           
1160 AVRODAN ÇEMPİONLAR LİQASINA
“Sabah”ın dünənki qələbəsinə yalnız şans və ya təsadüf demək çətindir. Komanda 90+4-cü dəqiqədə Tellur Mütəllimovun qolu ilə oyunu əlavə vaxta apardı və sonda 5:2 qalib gələrək ümumi hesabda 6:4 üstünlüklə mərhələni keçdi.
Qapıçının iki kobud səhvi rəqibə, demək olar, qol hədiyyə etdi. Üçüncü səhvin isə bəxtimizdən qol olmadı. Belə vəziyyətdə baş məşqçi qapıçını dəyişə bilərdi. Valdas Dambrauskas dəyişmədi, ona etibar etdi. Komandaya da son saniyəyə qədər inanmağa davam etdi.
Bu məşqçinin həyat yolu özü də maraqlıdır.
1977-ci ildə Litvada doğulan Dambrauskas böyük futbolçu olmayıb. 25 yaşında televiziya viktorinasında təxminən 1160 avro qazanıb və həmin pulla İngiltərəyə gedərək məşqçilik təhsili almağa başlayıb. Dolanmaq üçün poçtalyon, satıcı, rəngsaz işləyib, eyni zamanda universitetdə idman və məşqçilik üzrə təhsil alıb.
Sonra Litva, Latviya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Kipr və Macarıstanda çalışıb. 2025-ci ildə isə “Sabah” onu Azərbaycana gətirərək üçillik müqavilə bağlayıb.
Dambrauskasın əsas prinsipləri intizam, xırda detallara diqqət və sona qədər inamdır. Dünən meydanda gördüyümüz “Sabah”da da məhz bu xarakter vardı.
Onu tapıb Azərbaycana gətirənlərin seçimini də xüsusi qeyd etmək lazımdır. Çünki yaxşı futbolçu tapmaq bacarıqdırsa, yaxşı məşqçini vaxtında görüb seçmək də böyük bacarıqdır.
Bir vaxtlar 1160 avro ilə İngiltərəyə məşqçilik öyrənməyə gedən gənc bu gün “Sabah”la Azərbaycan futbolunda tarix yazır.
Bəzən böyük məşqçi olmaq üçün böyük futbolçu keçmişindən daha çox böyük məqsəd, zəhmət və futbol ağlı lazımdır.
Aftandil Sadiqov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]