Bakının göbəyində THE BAKU GROUP özbaşınalığı... - FOTO
Bu gün, 09:58

"Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, blok 21, 3-cü mərtəbə, 700 saylı mənzilin sahibi The Baku Group MTK-nın rəhbərliyi ilə gizli sövdələşərək, binanın 50-60 sm. enində olan daşıyıcı dəmir-beton divarını sındırıb, lift sahəsinə əlavə giriş qapısı açıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında, media nüməyəndələrinə ünvanlanmış müraciətində tanınmış jurnalist Samir İsmayıl yazıb.
O daha sonra müraciətini belə davam etdirir: "Mənzilə 2-ci giriş qapısı onun iki yerə bölünməsi və 2 mənzil kimi satılması məqsədilə edilib. Qanunsuz açılan qapının yuvası daşıyıcı konstruksiyanının mühüm elementi olan rigerin təxminən altında yerləşir. Fakt üzə çıxan kimi yük maşını çağırılıb və beton qırıqları ərazidən uzaqlaşdırılıb. Bu haqda Baku Group MTK-nın qanuni təmsilçisi Rasim Ələkbərova şəxsən məlumat versəm də, heç bir tədbir görməyib. Bu hadisədən sonra qısa araşdırma apardım. Komleksdə 10 dan çox mənzildə aparıcı beton divarlar sındırılaraq lift meydançasına ikinci qapı açılıldığını müəyyən edə bildim. Dəqiq audit aparılarsa daha çox fakt üzə çıxacağına əminəm. Getdikcə adi hal alan belə müdaxilələr onsuz da keyfiyyətsiz inşa edilmiş bu kompleksdə yaşayan və işləyən 4000 nəfərə yaxın insanın həyatını təhlükə altına atır. 26 may 2026-cı il tarixindən etibarən müxtəlif dövlət qurumlarına bu problemlə bağlı çoxsaylı müraciətlər etsəm də, məsələ araşdırılmayıb, heç bir tədbir görülməyib.
The Baku Group Xocalı prospekti haqqında danışılan kompleksin tikintisinə 2005-ci ildə başlayıb. Kompleks Dövlət Komissiyasına 2019-ci ildə qismən təhvil verilib. Dövlət Komissiyası The Baku Group MTK-nın üzərinə qalan işlərin başa çatdırılması (qarajın təhvil verilməsi, həyətin abadlaşdırıması, liftlərin quraşdırılmasının başa çatdırılması və s.) öhdəliyini qoyub. Üstündən 7 il keçsə də, MTK öz öhdəliyini hələ də yerinə yetrirməyib.
The Baku Group MTK binanı dövlət komissiyasına təhvil verdikdən sonra, Mənzil Məcəlləsinin tələblərinə görə idarəetməni bir ay müddətində mülkiyyətçilərə təhvil verməli idi. MTK mövcud qanunvericiliyin bu tələbini də pozub, öz öhdəliyini yerinə yetirməyib.
Hazırda 4000 nəfərə yaxın insan yaşayan və işləyən bir kompleksin zirzəmisi yağışlar zamanı su ilə dolur, yay mövsumunda elektrik enerjisi tez-tez kəsilir. Həyət abadlaşdırılmır. Bu problemləri həll etməli olan MTK, binanın balansında qalan 20-dən çox mənzili sataraq mənimsəyib. İndi isə binanın konstruksiyalarını dağıtmaq, onları bölmək kimi qanunsuz yeni qazanc yolları kəşf edib. MTK öz öhdəliklərini yerinə yetirmək əvəzinə, mülkiyyətçilərin ümumi əmlakını dağıdır, ödənilən komunal xidmət haqqını mənimsəyir, mülkiyyətçilərə hesabat vermir..."
"DİA-AZ" qeyd edir ki, şikayətçi düşən jurnalist "The Baku Group" haqqında qısa araşdırma da aparıb və ortaya ilginc faktlar çıxıb. Aydın olur ki...
✅ "The Baku Group" MTK-nın inşa və idarə etdiyi Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yerləşən binada - 17 mart 2026-cı il tarixində yanğın olub (https://qafqazinfo.az/news/detail/xetaide-coxmertebeli-bina-yanir-yenilenib-502473)
✅ FHN 9 fevral 2026-cı i l tarixində "The Baku Group" MTK-nın inşa və idarə etdiyi Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında yerləşən yaşayış binasında təlim keçirib. (https://azertag.az/xeber/fovqelade_hallar_nazirliyi_serti_yangin_telimi_kechirib_video-4006415). Təlim zamanı çoxlu qüsur aşakarlanmış həmin kompleksdə 18 may 2026-cı il tarixində yanğın olub.(https://www.facebook.com/share/r/17AxtU9i98/)
✅ "The Baku Group" MTK-nın tərəfdaşı olan İdeal MTK-nın rəhbərliyi Xocalı prospekti 29 ünvanda inşa edilən kompleksdə bir mənzili bir neçə nəfərə satdıqlarına və s. qanunsuz əməllərə görə Çingiz Məmmədov, Şamil Heydərov, Sahib Rüstəmov, İsa Məmmədov hazırda həbsdədirlər...
Bir sözlə, yaxşı heç nə yoxdur...




