Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir - YENİ DETALLAR/ YENİLƏNİB
23-11-2025, 10:28

Xəbər verdiyimiz kimi, bir müddət öncə İmişlinin Nurulu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş-otlaq sahələri zəbt edilməklə aparılırdı.
Məlum olduğu kimi örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər.

Örüş sahələrinin zəbt edilmsi ilə bağlı Sitat.info-ya müraciət edən şikayətçilər bildiriblər ki, iki gündür mal bazarında tikinti işləri təkrar davam etdirilir. Yarımçıq qalan işlər tamamlanır. Bazarın tikintisinin davam etdirilməsinə kim və necə icazə verib, bu barədə nə mətbuatda, nə də İmişli Rayon İcra Hakimiyyətinin saytında bir açıqlama yoxdur.
Videoreportajı izlə
Şikayətçilərin sözlərinə görə, deputat Razi Nurullayevin yaxın adamı, seçki kampaniyasında fəal iştirak edən Seymur Xudiyev son günlər Tiktok sosial şəbəkəsində canlı yayın açaraq, mal-bazarının tikintisinin başa çatmaq üzrə olduğunu elan edir. Həmin şəxsin mal bazarında, tikinti aparılan ərazidə çəkdiyi videoları eyni adlı səhifəsindən də izləmək mümkündür. S.Xudiyev videolarda ərazidəki tikintilərin təyinatını izah edir, hansı işlərin aparıldığı barədə məlumatlar verir. Onun sözlərinə görə, mal bazarının ətrafında restoranlar, heyvanların saxlanılması üçün yer və sair mövcuddur.
Qeyd edək ki, Seymur Xudiyev Xələfli kənd bələdiyyəsinin sabiq sədridir. Seçki dövründə də Razi Nurullayevin təbliğat kampaniyasında fəal iştirakına dair kifayət qədər fotolar var. Seymur Xudiyevin profilində millət vəkili Razi Nurullayev və deputatın köməkçiləri ilə fotoları var.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün deputat Razi Nurullayevin sədri olduğu Azərbaycan Milli Cəbhə Partiyasına müraciət etdik. Partiyadan bu mövzuda hər hansı açıqlama verilməyəcəyi bildirildi.
Sitat.info
Teref yazır ki, qarşı tərəf kimi İmişli Rayon İcra Hakimiyyəti öz mövqeyini bildirib.
Paylaşdığımız məqalə ilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən gələn yazıda deyilir:
"Məlumat üçün bildiririk ki, sözügedən ərazi Qulubəyli kənd sakini Süleymanov Yavər Abduləli oğlunun icarəsindədir. Y. Süleymanov 09 aprel 2025-ci il tarixində keçirilmiş hərracda qalib gələrək Muradalılı bələdiyyəsinə məxsus 20 ha kənd təsərrüfatı torpaq sahəsini illik icarəyə götürmüş, 12 aprel 2025-ci ildə icarə müqaviləsi bağlamış və 02 may 2025-ci il tarixli çıxarış almışdır. Süleymanov Yavər Abduləli oğlu ilə aparılmış izahi söhbət zamanı məlum olmuşdur ki, o, həmin ərazidə yerli əhalinin gündəlik tələbat mallarına çıxışını təmin etmək və kənd təsərrüfatı heyvanlarının alqı-satqısını həyata keçirmək məqsədilə bazar təşkil etmək niyyətindədir.
Ərazidə aparılan tikinti-quraşdırma işləri dayandırlaraq Y.Süleymanova bildirilmişdir ki, icarəyə götürdüyü 20 ha torpaq sahəsi ona yalnız heyvanların örüşü məqsədilə verilmişdir və həmin ərazidə tikinti-quraşdırma işləri torpağın təyinatı “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına dəyişdirildikdən sonra qanunvericiliyə uyğun tikintiyə icazə alınmaqla aparıla bilər. Videoda göstərilən kadrlar əvvəllər çəkilmişdir və hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır. Əlavə olaraq qeyd edək ki, Süleymanov Yavər Abduləli oğlu tərəfindən toprağın təyinatının dəyişdirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.
İmişli Rayon İcra Hakimiyyəti"

