KİV: Çin özünün süni intellekt modellərinə xaricdən çıxış imkanlarını məhdudlaşdırmaq istəyir
Bu gün, 16:38

Çin hökuməti ölkə hüdudlarından kənarda qabaqcıl süni intellekt modellərinə çıxışın məhdudlaşdırılması imkanını nəzərdən keçirir. Bu təklif son bir ay ərzində ən iri texnologiya şirkətləri ilə keçirilən görüşlərdə müzakirə olunub.
Bu barədə "Reuters" müzakirələrin gedişi ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, danışıqlar Çinin Ticarət Nazirliyi tərəfindən təşkil edilib. Görüşlərdə "Alibaba" ("Qwen" süni intellekt modelinin tərtibatçısı), "ByteDance" ("Doubao" süni intellekt köməkçisi və digər layihələrin müəllifi), eləcə də "Z.ai" (GLM modelləri) şirkətlərinin nümayəndələri iştirak ediblər. Məşhur "DeepSeek" çatbotunun tərtibatçıları isə bu müzakirələrə qatılmayıblar.
"Reuters" qeyd edir ki, Çin də ABŞ kimi son dövrlərdə qabaqcıl süni intellekt texnologiyalarını nəzarət tələb edən mühüm milli aktiv hesab edir. Agentliyin fikrincə, Pekinin öz modellərinə çıxışı məhdudlaşdırması bütün bazara mənfi təsir göstərə bilər.
Çin süni intellekt modelləri dünyanın bir çox ölkəsində populyardır, çünki onlar qabaqcıl ABŞ və Avropa sistemlərindən ciddi şəkildə geri qalmır, eyni zamanda çox vaxt daha ucuz başa gəlir. Bundan əlavə, onların əksəriyyəti açıq mənbə koduna malikdir ki, bu da müxtəlif sistem və xidmətlərə inteqrasiyanı asanlaşdırır.
Çinin ən məşhur süni intellekt layihəsi "DeepSeek" model ailəsi hesab olunur. 2025-ci ilin əvvəlində eyniadlı çatbotun istifadəyə verilməsi ABŞ fond bazarı tarixində həmin dövr üçün ən böyük enişə səbəb olmuşdu. Buna səbəb tərtibatçıların sistemin Qərb analoqlarından geri qalmadığını, lakin onun öyrədilməsinin dəfələrlə ucuz başa gəldiyini bildirmələri olmuşdu.
İyunun ortalarında ABŞ hökuməti milli təhlükəsizlik səbəblərini əsas gətirərək "Anthropic" şirkətinə qabaqcıl "Fable 5" və "Mythos 5" süni intellekt modellərini xarici istifadəçilər üçün bağlamağı tapşırmışdı. Şirkət əlavə təhlükəsizlik tədbirləri tətbiq etməyə razılaşdıqdan sonra bu məhdudiyyət iyulun 1-də ləğv edilmişdi.
İyunun sonunda isə "OpenAI" şirkəti ABŞ hökumətinin xahişi ilə yeni "GPT-5.6" modelinin tammiqyaslı istifadəyə verilməsini təxirə saldığını açıqlamışdı. Modelə yalnız ABŞ hökuməti tərəfindən razılaşdırılmış məhdud sayda tərəfdaş çıxış əldə etmişdi.

