Azəriqaz İstehsalat Birliyinin rəhbərliyi nə dövlət başçısının tapşırıqlarını, nə də mövcud qanunvericiliyin tələblərini icra edi
10-12-2025, 00:03

DTX, Ombudsman, Baş Prokurorluq, 1ci vitse prezident xanım Mehriban Əliyevaya,Ölkə başçısı cənab İlham Əliyevə
Göyçay şəhəri, Xətai küçəsi ev 19 yaşayan
Veteran: Abbasov Daşqın Vüqar oğlu tərəfindən
MÜRACİƏT
Mən, Abbasov Daşqın Vüqar oğlu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsinin iştirakçısı, 2-ci Qarabağ müharibəsi veteranıyam. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm.
Hazırda Azəriqaz İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən Kürdəmir Xidmət Sahəsində çalışıram. Yaşayış yerim Göyçay rayonudur və hər gün 75 km məsafə qət edərək işə gedib-gəlməli oluram. Bu məsafənin gündəlik qət edilməsi həm fiziki, həm psixoloji, həm də maddi baxımdan ciddi çətinliklər yaradır. Üstəlik, himayəmdə yaşlı atam var və ailə vəziyyətim məndən daha çox evdə olmağı tələb edir.
Bu səbəbdən Azəriqaz İB-nin baş direktoru cənab Azər Məmmədovun qəbulunda iki dəfə olmuş, iş yerimin Göyçay rayonuna və ya yaxın əraziyə — usta və ya mühəndis kimi — dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişəm. Həmçinin həmkarlar ittifaqına müraciət edərək yol xərcləri ilə bağlı dəstək istəmişəm. Lakin müraciətlərim təmin edilməmiş, mənim sosial vəziyyətimə heç bir yardım göstərilməmişdir.
Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında müharibə iştirakçılarına xüsusi qayğı göstərilməsi, onların problemlərinin operativ şəkildə həll olunmasının vacibliyini vurğulamışdır. Həmçinin “Veteranlar haqqında” qanunun 1-ci maddəsində veteranların sosial müdafiəsi və zəruri ehtiyaclarının təmin olunması birbaşa dövlət orqanları üçün öhdəlik kimi müəyyən edilib.
Təəssüf ki, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyi nə dövlət başçısının tapşırıqlarını, nə də mövcud qanunvericiliyin tələblərini icra edir. Bu vəziyyət müharibə veteranı kimi mənim hüquqlarımın pozulmasına və sosial rifahımın ciddi şəkildə zəifləməsinə səbəb olur.
Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən aşağıdakıların təmin olunması üçün müdaxilə etməyinizi xahiş edirəm:
1.Azəriqaz İstehsalat Birliyində mənə qarşı laqeyd münasibətlə bağlı məsələyə hüquqi qiymət verilməsi üçün göstəriş verəsiniz.
2.İş yerimin yaşadığım Göyçay rayonuna və ya yaxın əraziyə dəyişdirilməsi üçün müvafiq qurumlara tapşırıq verilməsi imkanını nəzərdən keçirəsiniz.
3.Müharibə veteranı kimi sosial təminat və qayğı ilə bağlı hüquqlarımın bərpasına yardım göstərəsiniz.
Müraciətimin obyektiv şəkildə araşdırılacağına və lazımi tədbirlərin görüləcəyinə inanıram.
Qeyd:
Məktublar elektron formada yuxarıda qeyd olunan dövlət qurumlarına göndərilib.
Bununla əlaqədar SOCAR İRD-na etdiyim şikayətə isə cavab olaraq bildirildi ki, keçən ildən etibarən bütün səlahiyyətləri Azəriqaz İB Regional kadrlarına vermişik☝
Hörmətlə,
Abbasov Daşqın Vüqar oğlu
2-ci Qarabağ müharibəsi veteranı
“Ağdamın azad olunmasına görə” medalı laureatı
“Vətən müharibəsi iştirakçısı”
Tarix:01.12.2025
TEREF

