"DeepSeek" ilk investisiya turunda 45 milyard dollar dəyərə çata bilər
8-05-2026, 17:44

Çinin süni intellekt şirkəti "DeepSeek" ilk investisiya turunda 45 milyard dollar dəyərləndirməyə çata bilər.
Valyuta.az xəbər verir ki, şirkət ilk maliyyələşdirmə raundu üçün investorlarla danışıqlara başlayıb.
"DeepSeek" 2025-ci ilin əvvəlində hazırladığı aşağı xərcli böyük dil modeli ilə qlobal texnologiya sektorunda diqqət çəkib. Şirkət daha məhdud hesablama gücü ilə "OpenAI" və Anthropic kimi ABŞ şirkətlərinin modellərinə yaxın performans təqdim etməyi bacarıb.
Xüsusilə kodlaşdırma və məntiq yürütmə sahəsindəki nəticələrinə görə "DeepSeek" Çinin ən perspektivli süni intellekt startaplarından biri hesab olunur. Şirkətin qurucusu Liang Wenfeng olub və səhmlərin böyük hissəsinin hələ də onun nəzarətində olduğu bildirilir.
Məlumata görə, şirkət indiyədək xarici investisiya qəbul etmədən fəaliyyət göstərsə də, son dövrlərdə əməkdaşlarının rəqib şirkətlərə keçməsi yeni maliyyə turuna ehtiyac yaradıb.
“Bloomberg”in məlumatına əsasən, investisiya turuna Çinin dövlət dəstəkli “China Integrated Circuit Industry Investment Fund” rəhbərlik edə bilər. Danışıqlarda "Tencent" və "Alibaba Group" kimi texnologiya nəhənglərinin də iştirak etdiyi bildirilir.
Bundan əlavə, "DeepSeek" modellərinin "Huawei Technologies" tərəfindən hazırlanmış çiplərlə işləmək üçün optimallaşdırıldığı qeyd olunur.
Şirkət məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

