"Alibaba" süni intellekt yatırımları üçün 10,2 milyard dollarlıq səhm satacaq
Bu gün, 17:44

Çinin nəhəng texnologiya və e-ticarət şirkəti "Alibaba" süni intellekt sahəsindəki investisiyalarını maliyyələşdirmək üçün Honq Konq birjasında 80 milyard Honq Konq dolları (təxminən 10,2 milyard ABŞ dolları) dəyərində səhm yerləşdirməyi planlaşdırır.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, əldə ediləcək xalis vəsaitin 100 faizi süni intellekt imkanlarının inkişafına yönəldiləcək. Buraya çiplər, hesablama infrastrukturu, eləcə də süni intellekt modellərinin hazırlanması və tətbiqi daxildir.
"Reuters"in nəzərdən keçirdiyi şərtlərə əsasən, Alibaba 710 milyon adi səhm satmağı planlaşdırır. Bir səhm üçün qiymət 112,70 Honq Konq dolları müəyyənləşdirilib ki, bu da şirkətin son bağlanış qiymətindən təxminən 3,6 faiz aşağıdır.
Bu sövdələşmə Honq Konq birjasında qeydiyyatda olan şirkətin tarixində ən böyük ilkin əlavə səhm təklifi olacaq. Eyni zamanda, 2026-cı ildə Alphabet və Intel-dən sonra dünyanın üçüncü ən böyük ilkin əlavə səhm satışı kimi qiymətləndirilir.
Alibaba son rüb üzrə maliyyə nəticələrində süni intellektə yönəlmiş kapital xərclərini əhəmiyyətli dərəcədə artırdığını açıqlamışdı. Şirkətin xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 75 faiz azalıb.
Baş direktor Eddi Vu bildirib ki, gələcək böyümədən yararlanmaq üçün şirkət ilk növbədə süni intellekt üçün zəruri hesablama gücünü yaratmağa sərmayə qoymalıdır.
"Reuters"in mənbələrinə görə, səhm satışına investorların, o cümlədən suveren sərvət fondlarının marağı yüksək olub. Tələb təklifi üstələdikdən sonra Alibaba yerləşdirmənin həcmini artırıb.
Şirkətin 2026-cı ildə süni intellektlə bağlı xərclərini artırması qlobal texnologiya sektorunda müşahidə olunan daha geniş tendensiyanın bir hissəsidir. ABŞ-ın "Microsoft", "Amazon", "Alphabet" və "Meta" şirkətlərinin bu il kapital xərclərinin ümumilikdə təxminən 725 milyard dollara çatacağı gözlənilir. Bu vəsaitlərin böyük hissəsinin süni intellekt məlumat mərkəzləri, çiplər və bulud infrastrukturu üçün xərclənəcəyi bildirilir.

