YOLLARI AYIRMAQ GƏRƏK
13-01-2026, 12:14

Min ildir hakim olduğumuz İranla artıq ortaq gələcəyə ümidimiz yoxdur. Nə şah, nə də molla dönəmində bizi saymadılar, doğma türk dilimizi sıxışdırmaqda davam etdilər, hələ bir bizə “torki xər” (“eşşək türk”) dedilər, kütləvi mətbuat orqanlarında bizi tualetdə yaşayan tarakanlara bənzətdilər.
İranın birinci, ikinci, lap üçüncü adamı azərbaycanlı olsa da, fərq etməz. Əgər hələ də o ölkədə uşaqlara türk adı qoyulmasına icazə verilmirsə, Təbrizdən Novruz bəzəkləri üzərində türk işarələri var deyə gecə ilə götürülürsə, ana dilimiz hər yerdən qovulursa, bununla yanaşı fars milliyyətçiliyi dövlət səviyyəsində fəxarət hissi ilə izhar olunursa, deməli, olmamalı olduğumuz yerdəyik.
Azərbaycan artıq ayrılmalıdır. Dövr indi başqadır. Çağdaş dünyada imperiyalar çoxdan çöküb, milli dövlətlər qurulub. Artıq çoxailəli evlər yoxdur, hər ailə öz evində yaşayır.
İranda çox ciddi dəyişikliklər gözlənilir. Doğrudur, təklikdə mənim və sənin əlindən bir şey gəlmir. Millət olaraq ayıq-sayıq olmalıyıq.
Böyük Azərbaycan xalqının tək dövlətini, Azərbaycan Respublikasını, idarə edənlər, əminəm ki, baş verənlərin fərqindədirlər. Lakin Azərbaycanın uzunmüddətli mənafeyi üçün lazım olan addımları atmağa dair istəkli olub-olmadıqlarını bilmirəm.
Dünyada bizim qədər nəhəng, lakin bizim kimi bölünmüş az millət tapılar. Tarixi ədaləti bərqərar etməliyik. Ana dilimizə, Türk adımıza, milli kimliyimizə artıq özümüz sahib çıxmalıyıq. Farspərəst İran dövlətindən daha mədət ummağa dəyməz daha. Çox umduq, vermədilər haqqımızı.
Biz yazıq və fağır deyilik!
Хасан Искандер
TEREF

