Avarların Bizansa hücumu və nəticədə İmperiyanın süqutu...

23-01-2026, 09:54           
Avarların Bizansa hücumu və nəticədə İmperiyanın süqutu...
...Şərqi Roma imperiyası Avar dövləti ilə hücum etməmək barədə razılaşma bağlamışkən, avarlar Roma torpaqlarına daxil olaraq imperiyanın Avropa hissəsini ələ keçirmək istədilər. Onlar nə pul, nə də qənimət dalınca düşmüşdülər. Yeganə məqsədləri İstanbulun və Balkanların tamamını öz hakimiyyətləri altına almaq idi.
626-cı ildə avarlar imperatorun və ordunun farslarla apardığı mübarizədən istifadə edərək, Bayan xaqanın böyük oğlunun rəhbərliyi altında İstanbula doğru yürüş etdilər. Sasani sərkərdəsi Şahvaraz (Şəhrvaraz) isə Anadolunu başdan-başa keçdikdən sonra Kadıköyə qədər gəldi, burada qərargah qurdu və avarların gəlişini gözləməyə başladı. Bu müddət ərzində şəhərin kənar məhəllələrini və ibadət yerlərini yandırıb dağıtdı. İstanbul əhalisi dəhşətə gəldi.
Pasxale salnaməsinə görə, 626-cı il iyunun 26-da 30 min nəfərlik ilk avar qabaqcıl dəstələri şəhərin qarşısında göründü. Pisidesdə bu rəqəm 80 min göstərilir. Teodoros Sinkellos isə konkret rəqəm vermir, lakin “saysız-hesabsız on minlərlə” ifadəsini işlədir. Başqa bir mənbədə isə Teodor Sinkellosun hər bir Bizans əsgərinə on avar əsgərinin düşdüyünü bildirdiyi qeyd olunur və avar ordusunun 120-150 min nəfərdən ibarət olduğu göstərilir.
Təxminən 1000 atlı əsgərdən ibarət ilk avar birliyi Qalatadakı “Maccabees” kilsəsi yaxınlığına gələrək tonqal qalamaqla qarşı sahildə yerləşən iranlılara gəldiklərini xəbər verdilər. Qarşı tərəf də eyni şəkildə cavab verdi və beləliklə iki tərəf arasında əlaqə yaradıldı. Farslar və avarların İstanbulu mühasirəyə almaq üçün qəti razılığa gəlib-gəlmədikləri tam dəqiq olmasa da, bir-birlərinin hərəkətlərindən xəbərdar olduqları və buna uyğun davrandıqları görünür.
Əsas mühasirə iyulun 31-də başladı. Ən şiddətli zərbə Edirnekapı və Topkapı arasındakı divarlara yönəldilmişdi (1453-cü ildə Fateh Sultan Mehmed də eyni istiqaməti seçmişdi). İyulun 31-də avar xaqanı “göy gurultusu ilə müşayiət olunan fırtına kimi” hücuma keçdi. Avarlar divarları qoçbaşıları və mühasirə qüllələri ilə aşmağa başladılar. Roma əsgərləri isə yuxarıdan nizə, daş və ox atmaqla düşməni uzaqda saxlamağa çalışırdılar. Avar ordusunda ön sırada slavyanlar, onların arxasında isə avarlar yerləşirdi.
Avarlar Dunay və Sava çaylarından Qara dəniz yolu ilə Bosfora kiçik flotiliyalar (xırda gəmilər) gətirmişdilər. Slavyanlardan da gəmiçi heyətləri toplamışdılar. Bu yüngül flotiliyalar Beşiktaşdan qurudan arabalar üzərində daşınaraq (sonralar eynilə Fatehin etdiyi kimi), Bizans donanmasının çata bilmədiyi bir məkan olan “St. Callinicos” qapısı yaxınlığından Haliçə salındı.
Avar flotiliyalarının körfəzdə sərbəst manevr etməsinin qarşısını almaq üçün Bizans dəniz donanması Bosfor daxilində hərəkət edir, avarlar və sasanilərin birgə fəaliyyət göstərməsinə mane olurdu. Bizans sərkərdələri “St, Nicolas”dan qarşı sahildəki “St.Canon”a qədər olan bütün ərazi boyunca mövqe tutmuşdular. Qızıl Buynuza (Haliç) daxil olan flotiliyaları və slavyanların yüzlərlə qayığını qəfil hücumla batıraraq qalanlarını yandırdılar, dənizçiləri isə Haliçə ataraq öldürdülər. Üsküdar tərəfdən müəyyən sayda fars əsgərinin Beşiktaş istiqamətinə daşınmasına da Bizansın iri gəmiləri mane oldu. Bundan sonra xaqan geri çəkilməyə məcbur qaldı. Bu səbəbdən mühasirə uğur qazanmadı. Avarlar çox ağır şəraitdə geri çəkilməli oldular. Bu uğursuz geri çəkilmə Avar xaqanlığının nüfuz və etibarını itirməsinə, dövlətin zəifləməsinə gətirib çıxardı. Altı gün davam edən bu mühasirənin nəticəsiz qalması avarları sürətlə süquta apardı.
“Əgər bir avar kişisi harasa getmək istəsəydi, arabaya at və ya öküz qoşmaz, üç, dörd və ya beş “Duleb” arvadını qoşar və özünü çəkdirərdi”. (A. N. Kurat)
Şahin Qocayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]