Həm İraq, həm də Suriyada hələ ki, bu torpaqların əzəli sahibləri olan türkmanlara şamil olunmur.

21-01-2026, 00:09           
Həm İraq, həm də Suriyada hələ ki, bu torpaqların əzəli sahibləri olan türkmanlara şamil olunmur.
20 mart 2003-cü ildə ABŞ və müttəfiqləri İraqı işğal etməyə başladığı andan etibarən rəsmi Bağdada tabe olmayan kürd silahlı qrupları da hökumət qüvvələri ilə döyüşə başladılar. İşğal başa çatdıqdan sonra kürdlər İraqın sayca ikinci etnik qrupu olaraq xüsusi himayəyə alındı. ABŞ onlara İraqın quzeyində müstəqilliyə yaxın səviyyədə muxtariyyat da qurdu. Hazırda 46 milyonluq İraqın əhalisinin 6 milyonu kürt millətindən olan vətəndaşlardır. Ölkənin prezidenti vəzifəsini yalnız kürd millətindən olan şəxs tuta bilər. Ötənilki parlament seçkilərindən sonra qanunverici orqanda 65 kürd millət vəkili var. Ancaq ölkədə yeganə milli azlıq kürdlər deyil. Səddam Hüseynin hakimiyyəti dövründə kütləvi qətliama məruz qalmalarına, hüquqsuz vəziyyətə salınmalarına rəğmən türkmanlar nədənsə İraqda siyasi rejim dəyişdikdən sonra da konstusion mühafizəyə alınmadılar. Onlara kürdlər kimi xüsusi imtiyazlar verilmədi. 4 milyona yaxın türkü parlamentdə hazırda cəmi 2 millət vəkili təmsil edir.
Suriyada vətəndaş müharibəsi başlayandan bir il sonra PKK-nın bu ölkədəki analoji təşkilatı - YPG-nin yaradıldığı elan olundu. Əslində isə bu terror təşkilatı uzun müddət idi ki, Suriyada fəaliyyət göstərirdi. 2012-ci ildə Suriyanın quzey vilayətlərini ələ keçirən YPG Rusiya və ABŞ-ın dəstəyi ilə burada müstəqil kürd dövləti qurmağı hədəfləyirdi. Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaranın əmri ilə 3 gün öncə 14 il ərzində YPG-nin nəzarətində olan Fərat çayının qərbindəki, daha sonra isə şərq hissəsindəki əraziləri azad etmək üçün hərbi əməliyyat başladı. 72 saatlıq əməliyyat nəticəsində terror təşkilatı geri çəkilməyə və sərhəd-keçid məntəqlərini, həmçinin, su anbarlarını və neft yataqlarını mərkəzi hökumətə təhvil verməklə barışmalı oldu. Doğrudur, hələ ki, Hələbin Əşrəfiyyə, Şeyx Məqsud rayonlarını, Deyr əz-Zor vilayətini, Rakka, Tabqa şəhərlərini və onlarla kənd və qəsəbəni Suriya ordusu terrorçu və separatçılardan silah gücünə azad edib. YPG nəzarət etdiyi əraziləri könüllü şəkildə rəsmi Dəməşqə təhvil verməkdən imtina edir. Hazırda ölkənin şimalında Suriya ordusu terrorçularla şiddətli döyüşlər aparır. YPG-nin rəhbərliyi ABŞ və İsraildən gələcək dəstəklə döyüşün dayanacağına ümid edirlər. Görünür ki, Suriyanın hazırki hökuməti suverenliyi ölkənin bütün ərazilərində bərqərar etmək üçün hərbi əməliyyatları bundan sonra da davam etdirmək məcburiyyətində qalacaq.
Maraqlıdır ki, hərbi əməliyyatlar başlayan kimi Əhməd Şara Suriya kürdlərinin hüquq və azadlıqlarına hüquqi təminat verən fərman imzaladı. Suriyada 2 milyonadək kürd yaşayır. Bu ölkədə təqribən kürdlərin sayı qədər də türkman vətəndaşı var. Ancaq nədənsə nə onların ana dilinə dövlət dili statusu verən var, nə də vətəndaş hüquqlarının qorunmasını hüquqi təminata alan fərmanı imzalayan.
Məlum qlobal himayəçilər kürdlərin hüquqlarının qorunmasının vacibliyi, onlara muxtariyyət verilməsi, hətta müstəqil dövlət qurmaq haqları ilə bağlı mövzunu daim həm beynəlxalq, həm də lokal siyasi diskursda saxlamağa çalışırlar. Əlbəttə ki, hər bir insan milli, dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşı olduğu dövlətdə bərabər hüquqlara malik olmalıdır. Bu, vacibdir. Ancaq əfsuslar ki, insan hüquq və azadlıqları nədənsə selektiv formada tətbiq edilir. Həm İraq, həm də Suriyada hələ ki, bu torpaqların əzəzli sahibləri olan türkmanlara şamil olunmur.
Elmeddin Behbud
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]