Yaponiya yeni işçi qüvvəsi və gənc enerji axtarışındadır ki, bu məqamda uzaq qohumluqla Türk dünyası ən ideal tərəfdaş kimi görünür.
22-01-2026, 12:14

Yaponiya inqilabi bir addım ataraq, həm anası, həm də atası qeyri-yapon olan bir xanımı hakim partiyanın dəstəyi ilə parlamentə deputat, daha sonra isə Xarici İşlər Nazirliyinə ən yüksək vəzifəyə gətirdi.
Bu, tarixi bir hadisədir, çünki Yaponiya cəmiyyəti ənənəvi olaraq çox mühafizəkar və kənar şəxslərə qarşı qapalıdır.
Anası özbək, atası uyğur olan Arfiya Eri, hazırda Yaponiyanın ən perspektivli, yeni nəsil siyasətçisi hesab edilir. O 37 yaşındadır və yapon, uyğur, özbək, ingilis, türk, çin dillərini çox mükəmməl bilir.
Arfiya Erinin bu posta gətirilməsinin arxasında həm də Çinlə olan geosiyasi rəqabət və Mərkəzi Asiya ilə strateji əməkdaşlıq hədəfləri dayanır.
Onun fəaliyyəti Yaponiyanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması və türk dünyası ilə bağlarını gücləndirməsi yolunda mühüm addım kimi görülür.
Çünki Arfiya Eri vəzifəyə gəldikdən sonra verdiyi açıqlamalarda Yaponiyanın Türk Dövlətləri Təşkilatına fərqli statuslarda (Macarıstan kimi müşahidəçi və s.) qatıla biləcəyini bildirdi. Bir neçə dəfə "Orta Asiya + Yaponiya" formatında dialoqlar keçirilib.
P.S. Düşünürəm bu təyinatın arxasında duran əsas səbəblərdən biri də Yaponiyanın hazırda yaşadığı dərin demoqrafik krizisdir. Sürətlə qocalan əhali fonunda Yaponiya yeni işçi qüvvəsi və gənc enerji axtarışındadır ki, bu məqamda uzaq qohumluqla Türk dünyası ən ideal tərəfdaş kimi görünür.
Digər tərəfdən, ABŞ və Yaponiya Çinin regiondakı iqtisadi hegemonluğunu balanslaşdırmaqda maraqlıdır. Zəngin təbii resursları və böyük bazar potensialı ilə Türk dövlətləri Yaponiya üçün fürsətdir.
Orxan Atabəy
TEREF

