Biz artıq bir əsrdir ki, Ortaçağ türklərinin ətəyini buraxıb, antikçağ türklərinə heyran olmağa başlamışıq. Qəlbimizləmi?
26-01-2026, 00:03

Xalqların yeni din axtarışı maraqlı prosesdir. Xalq necə hiss edir ki, mövcud inanacı artıq işə yaramır, yeni bir inanca, yeni bir tanrıya ehtiyac var?
Qəlb necə içindəkinin öldüyünü hiss edir? Yeni din axtarışı sübut etmirmi ki, din, tanrı anlayışı tətbiq alətidir və bu alət işə yaramadıqda, xalqın qəlbi boş qalır, xalq tələsik güzaranına tətbiq etmək üçün yenisini axtarmağa başlayır?
Qəznəvilərin, Qaraxanların islamı acgözlüklə qəbul etdiklərini yazan Bernard Lusi qeyd edir ki, türklər təkcə islamı qəbul etmədilər, həm də milli kimliklərini islama gömdülər və islama qədər milli-mənəvi nələri vardısa hamısını unutdular. Tarixdə heç bir xalq belə etməmişdi.
Bu yeni din acgözlüyünün səbəbini türklərin qəlb boşluğunda axtarsaq heç bir ciddi izə rast gəlməyəcəyik. Amma danılmzadır ki, islamın milli mənafeyə tətbiqində türklərin tayı-bərabəri olmayıb. Nə ərəblər, nə farslar, nə də digər dönmələr türklər qədər islamı milli mənafeyə tətbiq etməyiblər.
Bunun nəticəsidir ki, Rassel yazır ki, XV əsrdə kilsədə oxunan dualara belə bir cümlə əlavə olunmuşdu: Tanrım, bizi quyruqlu ulduzlardan, bir də türklərdən qoru".
Türklər bu gücü islamdanmı alırdılar, yoxsa islam onlara öz güclərini tətbiq etmək üçün göydəndüşmə bir haqq tanıyırdı?
Yəqin ki, ikincisi. Və Birinci Dünya müharibəsi bu göydəndüşmə haqqı türklərin əlindən aldı. Türklər "nə mutlu türkəm" deyib yenidən islamla unutduqlarını xatırlamağa başladılar, "özünə qayıt" deyib bağırdılar.
Bu gün hər keçən gün türk xalqları islamdan uzaqlaşırlar, min il əvvəl islama gömdüklərini qazıb çıxarırlar, çünki islam artıq tətbiqə yaramır. Eyni proses farslarda da başlayıb. İranda baş verənlər bunun sübutudur.
Demək istədiyim odur ki, qəlb və din, iman söhbətləri tarix üçün cəfəngiyyatdır. Tarixi zərurət nəyi diqtə edirsə, qəlb də ona "heyran olur".
Biz artıq bir əsrdir ki, Ortaçağ türklərinin ətəyini buraxıb, antikçağ türklərinə heyran olmağa başlamışıq. Qəlbimizləmi?
Xeyr! Tarixi zərurətin diqtəsiylə!
Игидай Дадашов
TEREF

