Hitlerin qadınlarla problemlərinin səbəbi onun DNT-sində aşkar edilib
14-11-2025, 17:44

Almaniyanın Potsdam Universitetinin alimi Aleks Key Adolf Hitlerin DNT analizi əsasında onun cinsi həyatındakı problemlərə aydınlıq gətirib.
O, bu barədə Böyük Britaniyanın "Channel 4" kanalında yayımlanan "Hitlerin DNT-si: Diktatorun planı" adlı yeni sənədli filmində danışıb.
Ekspertin sözlərinə görə, diktatorun DNT-sində cinsi orqanların deformasiyasına və psixi sağlamlıq problemlərinə səbəb olan gen aşkar edilib. Bildirilir ki, bu genin daşıyıcıları çox vaxt şizofreniyadan, diqqət çatışmazlığı və hiperaktivlik sindromundan əziyyət çəkirlər.
"Heç kim Hitlerin niyə bütün həyatı boyu qadınların yanında özünü narahat hiss etdiyini indiyədək izah edə bilməmişdi. Amma indi bilirik ki, onda Kalman sindromu olub və bu da uzun müddət baş sındırdığımız müəmmanın cavabı ola bilər", - deyə Key bildirib.
Ekspert, həmçinin vurğulayıb ki, bu, Hitlerin nədən Eva Braundan uşaq sahibi olmadığını izah edir.
Məlumdur ki, diktatorun ölümündən sonra onun meyiti məhv edilib. Lakin alimlər onun genlərini ABŞ əsgəri Rozvell Rozenqren sayəsində öyrənə biliblər. Belə ki, o, diktatorun divanından xatirə olaraq bir parça kəsib götürüb və özü də bilmədən Hitlerin DNT-sinin zəmanəmizə qədər gəlib çıxmasına səbəb olub.
Danimarkanın Orhus Universitetinin alimləri qanı diktatorun qohumlarının DNT-si ilə müqayisə edərək onun Hitlerə məxsus olduğunu təsdiqləyiblər.
Analiz, həmçinin göstərib ki, Hitler autizm və bipolyar pozuntulara meyilli olub. Belə hallar dünyada insanların yalnız 1%-də təsadüf edilir. Onun əmisi qızı Aloiziya Fayt Vyanada psixiatriya xəstəxanasında illərlə müalicə olunub.

