Almaniyada qadın məşhur aparıcının saxta videosuna inanaraq bir milyon avro itirdi

Bu gün, 15:38           
Almaniyada qadın məşhur aparıcının saxta videosuna inanaraq bir milyon avro itirdi
Almaniyanın Saksoniya federal torpağının sakini məşhur aparıcı Markus Lansın görüntülərindən istifadə edilərək hazırlanan dipfeyk videoya inanaraq 1 milyon avrodan çox pulunu itirib.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Polisin məlumatına görə, Lixtenberq şəhərindən olan qadın internetdə ZDF telekanalında yayımlanan Markus Lansın tok-şousu üslubunda hazırlanmış saxta videoya rast gəlib. Videoda yüksək gəlir vəd edən investisiya imkanlarından bəhs olunub və zərərçəkmişin qeydiyyatdan keçdiyi "Investhub 3.0" saytına keçid yerləşdirilib.

Qeydiyyatdan qısa müddət sonra qadınla özlərini investisiya şirkətinin əməkdaşı və broker kimi təqdim edən naməlum şəxslər əlaqə saxlayıblar. Onlar qadını qızıla, neft resurslarına və kriptovalyutaya pul yatırmağa inandırıblar. İlk olaraq təxminən 250 avro köçürən zərərçəkmiş, üç ay ərzində müxtəlif bank hesablarına getdikcə daha böyük məbləğlər (10 min avrodan 460 min avroya qədər) göndərməyə davam edib. Dəyən ümumi ziyan 1 milyon avronu ötüb.

Zərərçəkmişin şübhələri yalnız özünü broker kimi təqdim edən şəxs qəfildən əlaqəni kəsdikdən sonra yaranıb. Bundan sonra o, Xemnits şəhər polisinə müraciət edərək dələduzluqla bağlı şikayət ərizəsi verib.

Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb və dipfeyk videoda təbliğ olunan "Investhub 3.0" saytını yoxlayırlar. Müstəntiqlər resursun dələduzluq sxemi ilə birbaşa əlaqəli olub-olmadığını, yoxsa sayt sahiblərinin xəbəri olmadan istifadə edildiyini müəyyənləşdirməyə çalışırlar. Bundan əlavə, polis bu saxta çarxın yayılmasından zərər çəkən digər şəxslərin olub-olmadığını araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru