"Avropa üzərinə "ölümcül həftələr" yaxınlaşır" - Ümumdünya Səhiyyə Təşkilatı
Bu gün, 12:24

Avropada yeni isti hava dalğası başlayır və bəzi bölgələrdə temperatur 43 dərəcəyə çata bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada yaxın günlərdə yeni ekstremal isti hava dalğasının gözlənildiyini açıqlayıb.
Bu barədə "dailystar.com" nəşri məlumat yayıb.
Təşkilatın məlumatına görə, qarşıdakı həftələr xüsusilə təhlükəli ola bilər və Portuqaliya ilə İspaniyanın cənubunda havanın temperaturunun 43 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
ÜST bildirir ki, Avropanın bir sıra ölkələrində son istilər artıq minlərlə əlavə ölüm halına səbəb olub. Təkcə Fransada iyun ayında iki isti hava dalğasından sonra 2 mindən çox əlavə ölüm qeydə alınıb, Belçikada isə ölüm göstəricisi adi səviyyədən 39 faiz yüksək olub.
Təşkilat xüsusilə yaşlıların, evsiz insanların və uzunmüddətli qayğı müəssisələrində yaşayanların daha böyük risk altında olduğunu vurğulayır. Qurum hesab edir ki, bir çox ölkədə ekstremal istilərə qarşı fəaliyyət planları hələ də kifayət qədər inkişaf etdirilməyib.
ÜST əhalinin vaxtında məlumatlandırılması, sərinləmə mərkəzlərinin yaradılması və səhiyyə sisteminin iqlim dəyişikliklərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edir. Təşkilatın fikrincə, əvvəlcədən hazırlanmış və vaxtında tətbiq olunan tədbirlər planı çoxsaylı insan həyatını xilas edə bilər.

