“Qaşlarda tato, üzlərdə dolğu, bədənlərdə kimyəvi maddələr” - Yeniyetmələr niyə böyük görsənməyə can atırlar?

8-01-2026, 08:44           
“Qaşlarda tato, üzlərdə dolğu, bədənlərdə kimyəvi maddələr” -
Son dövrlər sosial şəbəkələrdə azyaşlı qızların gözəllik salonlarında dırnaq qaynağı etdirməsi, saçlarını boyatdırması və həddindən artıq makiyaj etməsi ilə bağlı videolarla tez-tez rastlaşırıq. Çoxumuz bunları nəinki virtual mühitdə, hətta real həyatda da görürük. Hələ orta təhsilini bitirməyən məktəblilərdən bəzilərinin yaşını soruşduqda “16” rəqəmini eşitdiyimiz zaman təəccüblənirik. Çünki elə yeniyetmə qızlar var ki, boyalı və rəngli saçları, 25 yaşa aid geyim tərzi, iri aksesuarları və abartı makyajlı üz görünüşləri ilə real yaşlarından böyük görünürlər.

Bu, təkcə qızlara deyil, oğlanlara da aiddir. Yeniyetmə oğlanlar isə “avropasayağı” geyimləri və 35 yaşlı kişilərə aid saç düzümləri ilə fərqlənirlər.

Maraqlıdır ki, müasir dövrün yeniyetmələri niyə olduqları yaşdan böyük görünmək istəyir? Bu psixoloji düşüncəyə valideynləri təşviq edir, yoxsa ətraf mühitin təsir imkanları var? Bəzi fikirlərə görə, bu tendensiya “müasirlik” adı altında valideynlər tərəfindən təşviq edilir.

Bir sözlə, müasir dövrdə uşaqların böyüklər kimi davranması hallarının artmasına əsas hansı amillər səbəb olur?

Bu sualın cavabı üçün Patrul.az psixoloq Aytən Ələkbərovanın fikirlərinə üz tutub. Psixoloqun sözlərinə görə, yeniyetmələrin bu cür davranışları daha çox valideyn tərbiyəsi və məktəb mühitindən asılıdır:

“Bəzən özüm də gözəllik salonlarına getdikdə kiçik yaşlı qızların daha təmtəraqlı bəzənmələrini, hətta yaşlarından artıq böyük göründüklərini müşahidə edirəm. Onların bu cür görünmək istəmələrinə görə valideynləri qınamıram, amma bununla bağlı valideynlərlə psixoloqlar arasında bir mübarizə gedir. Çünki azyaşlı qızların hormonal dəyişikliklərinin baş verdiyi bir dövrdə həddindən artıq bər-bəzək etməsi, xüsusən də kimyəvi maddələrdən – istər bədənlərində, istər dırnaqlarında istifadə etməsi düzgün deyil. Hətta bəzilərinin üzlərində dolğu, qaşlarında isə tatuların olduğunu görürük”.

A. Ələkbərova böyük görünməyə meyil edən uşaqların valideynlərinə də tövsiyələrini çatdırıb:

“Buna görə də istər-istəməz biz psixoloqların bu cür davranışlar sərgiləyən övladların valideynləri ilə psixoloji mübarizəsi başlayır. Tövsiyəmiz odur ki, sosial fərqlilik övladlarınıza bu dərəcədə lazım deyil. Çünki bu uşaqların vaxtından əvvəl kimyəvi maddələr qəbul etməsi ilk növbədə onların sağlamlığına, daha sonra isə ailə nüfuzuna və hətta cəmiyyətdəki əxlaq kodekslərinə təsir göstərir. Ona görə də vacibdir ki, bununla bağlı öncə ailədə valideynlər, daha sonra isə məktəbdə müəllimlər uşaqlara maarifləndirici dərs keçsinlər”.

Ekspertin analizinə görə, yeniyetmələrin sadalanan davranışları onların əxlaqi dəyərlərinə mənfi təsir göstərir:

“Xüsusən də fərdi hazırlıq və kurslara gedən 9-10-cu sinif şagirdləri tələbələr və ya sərbəst işləyən qadınlar kimi geyimlərdən, o cümlədən bu cür bəzəklərdən istifadə edirlərsə, bu onların həm geyim, həm görünüş, həm də əxlaq kodekslərinə mənfi təsir göstərir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru