Pandemiya həqiqətən "uydurma" idi? – AÇIQLAMA

12-02-2026, 15:14           
Pandemiya həqiqətən "uydurma" idi? – AÇIQLAMA
Pandemiya ilə bağlı “oyundur”, “qəsddir”, “yeni viruslar uydurmadır” kimi iddialar cəmiyyətdə ciddi inamsızlıq mühiti yaradır və bu, birbaşa insanların davranışına təsir edir. Bu cür iddialar nəticəsində bəzi insanlar maska, vaksinasiya və digər qoruyucu tədbirlərə etinasız yanaşır, rəsmi tövsiyələri şübhə altına alır. Nəticədə yanlış məlumatlar təkcə fərdi seçimləri deyil, bütövlükdə ictimai sağlamlıq üçün riskləri artıran davranışların yayılmasına səbəb olur.

Məsələ ilə bağlı Demokrat.az-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, tarixin bütün dövrlərində pandemiyalar baş verib:

“Son əsrin əvvəlində isə bütün dünyanı əhatə edən, hamımıza yaxşı məlum olan koronavirus pandemiyası ilə üzləşdik. Əvvəllər pandemiyalar daha çox lokal xarakter daşıyırdısa, bu gün qloballaşma, beynəlxalq əlaqələrin genişlənməsi və insanların sosial təmaslarının artması səbəbindən xəstəliklər çox qısa müddətdə bir ölkənin və ya regionun deyil, bütün dünyanın probleminə çevrilir. COVID-19 pandemiyası bunun ən bariz nümunəsi oldu”, – deyə o qeyd edib.

Sosioloq pandemiya dövründə prosesin müəyyən dərəcədə siyasiləşdirilməsi ilə bağlı fikirlərin də səsləndirildiyini vurğulayıb:

“Virusun yayılmasının və təsirlərinin bəzi dövlətlər tərəfindən təsir və nəzarət mexanizmi kimi istifadə edildiyini düşünənlər oldu. Bu cür yanaşmalar cəmiyyətdə inamsızlıq yaratdı və pandemiyanın ‘idarə olunan xaos’ olduğu barədə müzakirələrin yaranmasına səbəb oldu. Bununla belə, ümumilikdə pandemiyanın real xəstəlik olduğu danılmaz faktdır. Onun necə yayılması və bu qədər sürətlə qlobal miqyas alması isə xüsusi elmi araşdırmalar tələb edən məsələdir”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, hadisələrin tez unudulması cəmiyyətdə əlavə risklər yarada bilər:

“Bu gün pandemiya ilə bağlı fikirlərə nəzər salsaq, görərik ki, hadisələrin sanki tez unudulması cəmiyyətdə müəyyən inamsızlıq yaradır. Bu isə gələcəkdə yarana biləcək yeni pandemiyalara qarşı hazırlıq və qorunma tədbirlərini çətinləşdirə bilər. Halbuki dünya mövcud olduqca müxtəlif pandemiyaların baş verməsi ehtimalı həmişə qalacaq”, – deyə sosioloq əlavə edib.

Hüseyn İbrahimov qeyd edib ki, pandemiyanın psixoloji təsirləri hələ də qalmaqdadır:

“Pandemiya dövründə milyonlarla insan həyatını itirsə də, zaman keçdikcə bu faciənin təsirinin zəifləməsi müşahidə olunur. Bir vaxtlar dünya liderləri insanları sosial məsafəyə riayət etməyə, gigiyena qaydalarına əməl etməyə çağırır, ictimai maarifləndirmə kampaniyaları aparılırdı. Bu dövrün psixoloji təsirləri isə xüsusilə gənclər və yeniyetmələr arasında hələ də qalmaqdadır”, – deyə o bildirib.

Onun fikrincə, pandemiya qurbanlarının xatirəsinin beynəlxalq tədbirlərdə yad edilməsi vacib addım ola bilər:

“Belə yanaşma həm dünyanı bir daha mümkün pandemiyalara qarşı səfərbər etməyə, həm də bu hadisələrin insan yaddaşında unudulmamasına kömək edə bilər”, – deyə o vurğulayıb.

Qeyd edək ki, pandemiyalarla bağlı ictimai maarifləndirmənin gücləndirilməsi gələcəkdə yarana biləcək risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]