Müharibəyə görə hər bahalaşacaq, manatı nə gözləyir? — AÇIQLAMA

Bu gün, 11:34           
Müharibəyə görə hər bahalaşacaq, manatı nə gözləyir? — AÇIQLAMA
Dünya bazarında neftin kəskin bahalaşması fonunda Azərbaycan iqtisadiyyatının gələcək dinamikası yenidən müzakirə mövzusuna çevrilib. Enerji gəlirlərinin artması ölkəyə əlavə valyuta axını və büdcə imkanlarının genişlənməsi vəd edir. Lakin qlobal qiymət şoklarının təsiri təkcə müsbət fiskal effektlərlə məhdudlaşmır. İdxal inflyasiyası, daxili bazarda qiymət artımı və manatın məzənnəsinə mümkün təzyiqlər də gündəmdədir.

Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bir tərəfdə humanitar böhran formalaşdığı halda, digər tərəfdən bu prosesin üstünlüklərindən danışmaq düzgün olmazdı:

"Lakin texniki baxımdan onu da qeyd etmək lazımdır ki, hadisələrin davametmə müddətindən asılı olaraq dünya bazarlarında qiymətlər dəyişəcək. Xüsusilə enerji daşıyıcıları və neftin qiyməti artmağa meyillidir və bunun ilkin əlamətlərini artıq bazarda görmək mümkündür. Neft qiymətləri, xüsusilə markalı neftin qiyməti, təxminən 10 faiz civarında yüksəlib. Bu, ilkin reaksiyadır və proses uzun müddət davam edərsə, Hörmüz boğazının uzun müddət bağlı qalması və eyni zamanda İranda enerji infrastrukturuna edilən hücumlar kimi amillər qiymət artımını daha da gücləndirə bilər".

O bildirib ki, belə hallar neftin kəskin bahalaşmasına gətirib çıxara bilər:

"Neftin bahalaşması isə Azərbaycanda valyuta gəlirlərinin artmasına və tədiyə balansında müsbət dinamika yaranmasına şərait yarada bilər. Bu proses nəticəsində cari balans göstəriciləri gözləniləndən daha yaxşı ola bilər. Təbii ki, bir və ya iki cümlə ilə nəticə çıxarmaq düzgün deyil, çünki bu kimi dəyişikliklər ümumi iqtisadi mühitə müxtəlif təsirlər göstərir. Lakin qiymət artımı həftələrlə və ya aylarla davam edərsə, bu, valyuta ehtiyatlarını artıra və manatın məzənnəsi üçün müəyyən dəstəkləyici mühit yarada bilər".

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]