Boş vitrinlər, səssiz dəhlizlər — Bakının bu ticarət mərkəzləri niyə "tutmadı"?

Bu gün, 11:44           
Boş vitrinlər, səssiz dəhlizlər —
Bakının ən nəhəng binaları sayılan bəzi ticarət mərkəzləri bu gün boş vitrinləri və səssiz dəhlizləri ilə diqqət çəkir. Milyonlarla manat sərmayə qoyulan bu nəhəng obyektlərin niyə müştəri üzünə həsrət qaldığı çoxlarını düşündürür. Bakıda böyük investisiyalar hesabına inşa edilən iri ticarət mərkəzlərinin bir çoxu, o cümlədən avtovağzalın içindəki və AMAY kimi obyektlər artıq boş qalır. Bu durum sahibkarlar və investorlar üçün ciddi suallar doğurur. Bəs bu ticarət mərkəzlərinin uğursuz olmasının əsas səbəbləri nədir?

Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli hesab edir ki, artıq dünyada uzun müddətdir mövcud olan bu trend bizə də gəlib çatıb:

“Onlayn ticarət ənənəvi ticarəti üstələyir. Həm də onlayn satılan məhsullar daha ucuz olur, çünki xərclər daha azdır. İstənilən ticarət mərkəzində fəaliyyət göstərən mağazalar bəzən 2000-3000 manat, bəzi hallarda isə daha yüksək məbləğdə icarə haqqı ödəyir, işçi saxlamağa məcbur olur və təhlükəsizliklə bağlı əlavə xərclər çəkir. Onlayn ticarətdə isə bu xərclər yoxdur. Buna görə də onlayn ticarət getdikcə genişlənir və dünyanın bir çox yerində ticarət mərkəzləri artıq əyləncə mərkəzlərinə çevrilir. Onlar müxtəlif əyləncə məkanları kimi fəaliyyət göstərməyə çalışırlar ki, heç olmasa ayaqda qala bilsinlər. Azərbaycanda da bu trend davam edəcək və nəticə etibarilə ənənəvi ticarətlə məşğul olanlar yeni dünyaya, yeni qaydalara uyğunlaşmalı olacaqlar”.

Natiq Cəfərli qeyd edib ki, vəziyyətdən çıxış yolu kimi dünyada ticarət mərkəzləri artıq əyləncə məkanlarına çevrilir. Onlar sadəcə satış nöqtəsi deyil, insanların vaxt keçirəcəyi mərkəzlər kimi fəaliyyət göstərərək ayaqda qalmağa çalışırlar. Azərbaycanda da bu meyil güclənəcək və iş adamları yeni dövrün tələblərinə uyğunlaşmağa məcbur olacaqlar.

Qısası, internetdən alış-veriş etmək həm rahat, həm də ucuz olduğu üçün insanlar artıq böyük ticarət mərkəzlərinə getmir, bu da həmin binaların boşalmasına səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru