Dərmanların əvəzedicisinə nə qədər etibar etmək olar? — AÇIQLAMA

Bu gün, 11:36           
Dərmanların əvəzedicisinə nə qədər etibar etmək olar? — AÇIQLAMA
Apteklərdə eyni tərkibli dərmanların kəskin qiymət fərqi ilə satılması son zamanlar sosial mediada və cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Bir çox xəstələr həkimlərin yazdığı bahalı preparatların ailə büdcəsinə ciddi ziyan vurduğunu bildirərək çıxış yolunu daha ucuz analoqlarda axtarırlar. Tibbi dildə "generik" adlanan bu preparatlar, orijinal dərmanlarla eyni təsiredici maddəyə malik olsa da, qiymət baxımından bir neçə dəfə sərfəli ola bilir. Lakin xəstələr arasında "ucuz dərman keyfiyyətsizdir" stereotipi hələ də öz qüvvəsini qoruyub saxlayır. Düzgün seçilmiş analoq dərman müalicənin effektivliyini azaltmadan xərcləri minimuma endirməyə imkan verir. Qiymət fərqinin əsas səbəbi kimi orijinal dərmanların tədqiqat və patent xərclərinin yüksək olması, generiklərin isə hazır düsturla istehsal edilməsi göstərilir. Bununla belə, hər bir ucuz variantın orijinalı tam əvəz edib-etməyəcəyi məsələsi hələ də sual doğuran məqamlar sırasındadır. Xüsusilə köməkçi maddələrin keyfiyyəti və orqanizm tərəfindən mənimsənilmə dərəcəsi preparatın qiymətinə birbaşa təsir edən amillərdəndir.


Tibb eksperti Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ müzakirə olunan bir mövzudur:

“Məsələn, Avropa dərmanları adətən daha baha olur. Halbuki eyni tərkibə malik dərman Türkiyə bazarında xeyli ucuz satılır. Baxmayaraq ki, tərkib demək olar eynidir və istehsalda istifadə olunan inqrediyentlər də fərqlənmir. Hər hansı dərman preparatı Avropa istehsalıdırsa, Almaniya bazarına bir qiymətlə daxil olur və üzərində alman dilində məlumat yerləşdirilir. Eyni dərman Türkiyə bazarına daxil olduqda isə üzərində türkcə yazılar olur və Türkiyənin sifarişi əsasında tamamilə fərqli daha aşağı qiymətə təqdim edilir. Bu, bazar şərtləri baxımından təbii haldır. Digər tərəfdən, bəzi ölkələrdə dərmanların ucuz olmasının səbəbi istehsal xərcləri ilə bağlıdır. Xüsusilə işçi qüvvəsinin ucuz olması qiymətə birbaşa təsir edir. Bununla yanaşı, dərmanın əmtəə kimi xüsusiyyətləri keyfiyyəti, görünüşü, qablaşdırması da qiymətə təsir göstərir. Qablaşdırmada daha keyfiyyətli materialdan istifadə olunması və dizaynın daha cəlbedici olması məhsulun bahalaşmasına səbəb olur”.

O deyib ki, dərmanların əlçatanlığını təmin etmək üçün qardaş Türkiyədən idxalın artırılması məqsədəuyğun olardı:

“Türkiyədə dərmanlar daxili bazarda xeyli ucuzdur. Biz öz dərman sənayemizi tam inkişaf etdirməyənə qədər Türkiyə ilə bu sahədə inteqrasiyanı gücləndirmək daha faydalı olar. Azərbaycanda dərman maddələrinin istehsalına gəldikdə isə, bütün növ dərmanların yerli istehsalına ehtiyac yoxdur. Daha məqsədəuyğun yanaşma ondan ibarətdir ki, xüsusilə icbari tibbi sığorta paketinə daxil olan mühüm dərman preparatlarının ölkə daxilində istehsalına diqqət yetirilsin. Digər sahələrdə isə Türkiyə ilə qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi və ictimai həyatın müxtəlif istiqamətlərində inteqrasiyanın genişləndirilməsi ümumi inkişafımıza ciddi təkan verə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru