Küləyin maşınlara vurduğu zərəri kim qarşılayacaq? - CAVAB
Bu gün, 11:24

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, son üç gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə 34-dən çox müraciət daxil olub.
Bu hallar bəzi ərazilərdə avtomobillərə və digər əmlaklara ziyan vurub.
Belə vəziyyətlərdə zərər kim tərəfindən qarşılanır və vətəndaşlar hansı hüquqlara malikdir?
Mövzu ilə bağlı Patrul.az-a danışan hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, güclü külək nəticəsində ağacların aşması və əmlaka (məsələn, avtomobilə) ziyan vurması hallarında məsuliyyət və zərərin kim tərəfindən qarşılanması ağacın yerləşdiyi ərazidən və həmin ağaca qulluq edən qurumun fəaliyyətindən asılıdır:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxslərə vurulmuş zərərin əvəzi dövlət və ya bələdiyyə tərəfindən ödənilir. Əgər ağac çürük, quru və ya qəzalı vəziyyətdə olubsa və aidiyyəti qurum vaxtında tədbir görməyibsə (hərəkətsizlik edibsə), bu, həmin qurumun təqsiri hesab olunur”.
Həmsöhbətimizin sözlərinə görə, zərərçəkmiş vətəndaşlar hadisə baş verən kimi DİN-in “102” xidmətinə və ya ərazi üzrə polis bölməsinə məlumat verməli, hadisə yeri və zədələnmiş əmlak foto və video lentə alınmalıdır:
“Polis tərəfindən hadisənin baş verməsini təsdiq edən protokol tərtib olunmalıdır. Zərərin məbləğini müəyyən etmək üçün müstəqil qiymətləndirmə aparılmalıdır. Aidiyyəti qurumun nümayəndəsinin iştirakı ilə ağacın vəziyyəti haqqında akt tərtib edilməlidir (ağacın qəzalı olub-olmaması qeyd edilməlidir).
Əgər müvafiq qurum zərəri könüllü ödəməkdən imtina edərsə, vətəndaş Mülki Məcəllənin 1096 və 1100-cü maddələrinə əsaslanaraq məhkəməyə müraciət etmək hüququna malikdir”.
“Əgər ağac tamamilə sağlam olubsa və aşma hadisəsi fövqəladə güclü, qarşısıalınmaz təbiət hadisəsi nəticəsində baş veribsə, qurumlar məsuliyyətdən azad oluna bilər. Lakin ağacın qəzalı olması sübut olunarsa, məsuliyyət birmənalı olaraq baxım edən qurumun üzərinə düşür”,– deyə o, sözlərini yekunlaşdırıb.

