Kabusa çevrilmiş “Mary Celeste" gəmisinin sirri açıldı
Bu gün, 12:34

150 ildən də bir qədər əvvəl Atlantik okeanında göyərtəsində heç bir heyət üzvü olmayan bir ticarət gəmisi aşkar edilib. Lakin gəmi tamamilə sağlam və bütün yüklər anbarda idi. Əvvəlki yazılarımızda “Mary Celeste” gəmisi haqqında kifayət qədər ətraflı araşdırma yazıları təqdim etmişdik. Lakin indi alimlər tərk edilmiş gəmidə nə baş verdiyini və heyətin hara getdiyini kəşf etdiklərinə inanırlar.
TEREF xəbər verir ki, tədqiqatlar 150 il əvvəl müəmmalı şəkildə yoxa çıxmış gəmi heyətinin taleyinin necə olduğuna işıq salır.
5 dekabr 1872-ci ildə Britaniyanın “Dei Gratia” gəmisinin heyəti Atlantik okeanında Azor adalarından bir neçə yüz kilometr aralıda üzən Amerika yelkənli gəmisi "Mary Celeste"ni kəşf ediblər. Gəmidəki 10 nəfərin hamısı - ailəsi ilə birlikdə Kapitan Benjamin Briqqs və heyəti izsiz şəkildə yoxa çıxmışdı. Yük anbarda qalsa da, gəminin özü zədələnməmişdi. Kabus gəmisi və heyətinin başına gələnlərin sirri illərdir elm adamlarını narahat edir. Gəminin quldurlar tərəfindən hücuma məruz qaldığı, naməlum bir xəstəliyin yayılmasının heyət üzvlərini öldürdüyü və ya yadplanetlilər tərəfindən qaçırıldığı barədə çoxlu sayda fərziyyələr var idi. İndi elm adamları bu sirrin həllinə sahib olduqlarına inanırlar: heyətin ölümünə spirt partlayışı səbəb ola bilər.
“Mary Celeste” ticarət yelkənli gəmisi 1700 barel spirt - daha dəqiq desək, etanol (etil spirti) daşıyaraq ABŞ-ın Nyu-York şəhərindən İtaliyanın Genuya şəhərinə yola düşüb. Lakin gəmi heç vaxt təyinat yerinə çatmayıb. 150 il əvvəl gəminin yoxlanılması zamanı doqquz barelin boş olduğu aşkar edilib . Spirtin qapalı məkanda sızdığı və buxarlandığı ehtimal olunur. Gəminin qeydləri göstərir ki, "Mary Celeste" gəmisi fırtına ilə qarşılaşıb və heyət gəminin anbarına aparan lyukları möhkəm bağlayıb.
Etanolun alışma nöqtəsi 13 dərəcə Selsi təşkil edir. Alışma nöqtəsi uçucu maddənin ən aşağı temperaturudur və bu zaman hava ilə alışan qarışıq əmələ gətirmək üçün kifayət qədər buxar buraxır.
Alimlərin fikrincə, "Mary Celeste" gəmisi ABŞ yaxınlığındakı soyuq sulardan çıxıb Avropaya daha yaxın olan Atlantik okeanının daha isti sularına daxil olanda havanın temperaturu yüksəlməli və spirt buxarının miqdarı artmalı idi. Bu o deməkdir ki, etanol buxarı alışma nöqtəsindən yuxarı qızıb. Tək bir qığılcım partlayışa səbəb olmaq üçün kifayət edərdi. Bu nəzəriyyə əvvəllər rədd edilmişdi, çünki taxta çəlləklərdə və ya gəminin konstruksiyasında heç bir yanma izi tapılmamışdı. Lakin "Mary Celeste" gəmisinin sirrini araşdıran Mançester Universitetinin alimləri deyirlər ki, yanma izlərinin olmaması partlayışı istisna etmir.
Tədqiqatın müəllifləri hesab edirlər ki, tüstülənən közdən, tüstü borusundan və ya metallar arasındakı sürtünmədən yaranan qığılcım, tutumda etanolun sürətli partlamasına səbəb ola bilərdi. Bunu sübut etmək üçün tədqiqatçılar gəminin miqyaslı modelindən istifadə edərək etanol partlayışının heç bir iz buraxa bilməyəcəyini nümayiş etdiriblər.
Əvvəlcə elm adamları modelin tutumuna soyuq etanol püskürdüb və ətraf mühitin temperaturunu gəmi soyuq sularda hərəkət edərkən baş verən temperatura bənzər səviyyədə saxlayıblar. Elektrik naqili tutumda qığılcım yaratsa da, heç bir partlayış baş verməyib. Temperatur etanolun kifayət qədər buxar yaratmasına mane olub.
Daha sonra elm adamları etanol və gəmi modelini qızdıraraq Azor adaları sahillərində daha isti temperaturu yenidən yaradıblar. Bu dəfə qığılcım alovlanıb və güclü bir partlayış modelin içərisindən qoparaq, sonra tez bir zamanda yox olub. Tutumdakı lyuklar açılıb və gəminin göyərtəsi deformasiyaya uğrayıb. Lakin gəminin taxta modelində heç bir yanğın və ya kömürləşmə əlaməti tapılmayıb.
Alimlər hesab edirlər ki, qığılcım "Mary Celeste"nin tutumunda etanol buxarlarını alovlandıraraq təxminən 2000 dərəcə Selsi temperaturunda mavi alov topunun bir neçə saniyə ərzində püskürməsinə səbəb olub. Bu, sürətli bir partlayışa səbəb olsa da, yanğın izləri qalmayıb.
Tədqiqatçılar partlayışın heyət üzvlərinin panikaya düşməsinə və "Mary Celeste"ni tərk etməsinə səbəb olacaq qədər güclü olduğunu düşünürlər. Bəlkə də kapitan daha çox partlayışdan qorxaraq hər kəsi xilasetmə qayığına mindirməyi əmr edib, ya da bəlkə də heyət panikdən dənizə tullanıb. Alimlər hesab edirlər ki, hamısı həlak olub./Sfera.az/

