Ebola yenidən dünyanı qorxudur: Minlərlə insan risk altındadır
Bu gün, 12:08

Konqo Demokratik Respublikası və Uqandada yayılan hazırkı Ebola epidemiyası miqyasına görə tarixdə ikinci ən böyük epidemiya hesab olunur.
TASS xəbər verir ki, Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Afrika Mərkəzinin baş direktoru Jan Kasseya bunu onlayn brifinq zamanı bildirib.
"Bu epidemiya elan ediləndə artıq 200-dən çox ehtimal olunan yoluxma halı vardı. Bu, yayılmanın çox böyük olduğunu göstərir. Miqyas baxımından bu, 2014-2015-ci illərdə Qərbi Afrikadakı epidemiyadan sonra dünyada ikinci ən böyük Ebola yayılmasıdır", - deyə Kasseya bildirib.
O vurğulayıb ki, vəziyyətə çox sürətli reaksiya vermək lazımdır. Xüsusilə də virusun bu ştammına qarşı nə vaksin, nə də xüsusi dərman mövcuddur.
Kasseyanın sözlərinə görə, epidemiyanın qarşısının alınması və cavab tədbirləri üçün hazırda təxminən 319 milyon dollar tələb olunur, lakin bu məbləğ arta bilər.
Qeyd olunub ki, Ebola epidemiyası mayın 15-də elan edilib. Xəstəlik ilk dəfə 2007-ci ildə Uqandada aşkarlanan "Ebola-Bundibuqyo" ştammı ilə əlaqəlidir. Ölüm faizi təxminən 30-50% arasında dəyişir.
Hazırda epidemiyanın episentri Konqonun Uqanda ilə sərhəddə yerləşən İturi əyaləti hesab olunur.
İlkin məlumatlara görə, indiyədək 745-ə yaxın yoluxma və 178 ölüm halı qeydə alınıb. Laborator şəkildə isə 85 yoluxma və 9 ölüm faktı təsdiqlənib.

