Telefonun internetini tanımadığımız şəxslərlə paylaşmaq nə dərəcədə təhlükəsizdir?
Bu gün, 16:24

Araz Əhmədov
İT üzrə sistem mühəndisi
Müasir dünyada internetdən istifadə artıq hava və su kimi zərurətə çevrilib. Belə ki, küçədə, parkda, restoranda, nəqliyyatda və s. ictimai yerlərdə interneti bitən bir dostumuza, yaxınımıza, tanışımıza və ya tamamilə yad birinə öz mobil internetimizi (hotspot) paylaşmaq rəqəmsal yaxşılıq etmək əlaməti kimi kömək və dəstək anlamına gəlir. Lakin bir çoxumuz bəlkə də fərqində deyilik ki, bu rəqəmsal səxavətin arxasında hansı texniki, hüquqi, maddi və resurs riskləri dayana bilər?
Texniki Risklər
Texniki nöqteyi-nəzərdən, siz “hotspot” funksiyasını aktivləşdirdiyiniz zaman mobil telefonunuz sadəcə internet paylayan bir cihaz deyil, mini rəqəmsal marşrutlaşdırıcıya (router) çevrilir ki, siz lokal bir şəbəkə (LAN) qurursunuz və digər cihazları da bu şəbəkəyə dəvət edirsiniz;
Eyni şəbəkədə olan cihazlar bir-biri ilə vizual və rəqəmsal əlaqədə olur. Əgər internetinizi paylaşdığınız şəxs pis niyyətlidirsə (və ya onun cihazı zərərli proqram təminatı tərəfindən idarə olunursa), xüsusi skan proqramları vasitəsilə sizin telefonunuzun açıq portlarını, ötürdüyünüz şifrəsiz dataları hədəf ala bilər;
Cihazlar arasında birbaşa fayl paylaşımı (local sharing, bluetooth və s.) zamanı, qarşı tərəfin cihazındakı "soxulcan" (worm) tipli viruslar bəzən heç bir istifadəçi icazəsi olmadan da şəbəkə üzərindən sizin cihazınıza sıçraya bilər.
Hüquqi Risklər
“Hotspot” paylaşarkən qarşılaşa biləcəyiniz ən təhlükəli risk hüquqi məsuliyyət ola bilər ki, rəqəmsal dünyada hər bir internet sessiyası xüsusi bir ünvanla-IP (Internet Protocol) ünvanı ilə qeydiyyata alınır. Belə ki, siz internetinizi kiminləsə paylaşdığınız zaman, o şəxsin etdiyi hər bir rəqəmsal gedişat provayder qeydiyyatında sizin İP ünvanınızla və dolayısı ilə sizin adınıza olan mobil nömrə ilə möhürlənir ki, əgər internetinizə qoşulan şəxs:
Qanunsuz kontentlər (məsələn: müəllif hüquqları ilə qorunan materiallar, qadağan olunmuş şəkillər, videolar və s.) yükləyərsə, hər hansı bir saytlara kiberhücum (DDoS) təşkil edərsə, sosial şəbəkələrdə kimisə təhqir edib rəsmi təhdidlər, ümumiyyətlə pis niyyətli və s. qanunsuz hərəkətlərə yol verərsə, ilk olaraq məsuliyyəti məhz siz daşıyacaqsınız, çünki sistemdə kibercinayətin törədildiyi İP ünvanı birbaşa sizin sim-kartınıza bağlıdır. Bu zaman özünü müdafiə və subut etmək isə uzun, stresli və hüquqi baxımdan mürəkkəb bir prosesə çevrilə bilər.
Maddi və Resurs Riskləri
İnternet paylaşmaq təkcə təhlükəsizlik deyil, həm də ciddi maddi və resurs itkisidir. Digər cihazlar sizin “hotspot” şəbəkənizi çox vaxt "ev wi-fi şəbəkəsi" kimi qəbul edir ki, bir smartfon “wi-fi”-a qoşulduğu an arxa fonda bəlkə neçə aydır gözləyən sistem (məsələn: 2-3 GB-lıq iOS/Android yeniləməsi), tətbiq yenilənmələrini yükləməyə, bundan əlavə foto və videolar dərhal bulud yaddaşına (iCloud, Google Photos və s.) sinxronizasiya olunmağa başlayır. Nəticədə, sizin bir aylıq internet paketiniz cəmi 15-20 dəqiqə ərzində tamamilə bitə bilər;
Smartfonunuz eyni anda həm 4G/5G stansiyasından siqnal qəbul edir, həm həmin siqnalı emal edir, həm “hotspot” zamanı interneti “wi-fi” dalğaları ilə digər cihazlara yayır, həmçinin siz özünüz də həmin vaxt smartofonunuzda (whatsapp, youtube və s. digər sosial şəbəkələrdə) iş görərkən, bu iş yükü prosessorun maksimum güclə işləməsinə, telefonun həddindən artıq qızmasına və batareya ömrünün (sağlamlığının) sürətlə aşağı düşməsinə səbəb ola bilər.
Bu rəqəmsal səxavəti necə təhlükəsiz etməli?
İnternetimizi heç kimlə paylaşmayaq? Əlbəttə, bu radikal addım olardı. Lakin bunu müəyyən addımlarla etmək mümkündür. Təhlükəsiz “hotspot” üçün bəzi rəqəmsal addımlar:
Yalnız tanıdığınız və güvəndiyiniz insanlara “hotspot” açmaqla interneti paylaşmaq;
“WPA3” şifrələməsi ilə şəbəkənin kənardan sadə proqramlarla sındırılmasının qarşısını almaq (bəzi köhnə cihazlar dəstəkləməyə bilər);
Neytral “Hotspot SSID” (Şəbəkə Adı), paylaşacağınız və qarşı tərəfə “wi-fi” kimi görünən “hotspot”-a asan təxmin olunan və tapıla bilən adlar (məsələn: öz adınızı, şəxsi məlumatlarınızı, mobil nömrənizi və s. təyin etmək) yerinə fərdi məlumatları gizlətmək məqsədilə “X-Net” kimi qarışıq və çətin təxmin olunan adlar təyin etmək;
“Hotspot” adı (SSID) və şifrəsinin tez-tez dəyişdirilməsini həyata keçirmək;
Sizin paylaşdığınız internetə qoşulan cihazların sizin şəbəkədən ayrıldıqdan sonra şəbəkənin açıq qalaraq unudulmasının qarşısını almaq məqsədilə “hotspot”-un avtomatik sönmə ayarını tətbiq etmək;
Qarşı tərəf istəsə belə, təyin etdiyiniz limitdən (məsələn: 500 MB) artıq internet istifadə edə bilməsin deyə, sizin internet paketinizin tez bitməsinin qarşısını almaq məqsədilə “data” limiti təyin etmək.
Beləliklə, mobil “hotspot” funksiyası ehtiyac anında kömək edən bir texnologiyadır. Lakin unutmamalıyıq ki, rəqəmsal dünyada təhlükəsizliyin ən zəif həlqəsi insan ola bilər. İnternetinizi paylaşarkən bəzən qarşı tərəfə bəslədiyiniz güvən də, onun cihazının təhlükəsizliyinə zəmanət verməyə bilər. Bu səbəbdən, “hotspot”-u yalnız kritik anlarda, tanıdığınız və etibar etdiyiniz şəxslərlə və mütləq yuxarıdakı təhlükəsizlik qaydalarına əməl edərək açmağınız ən məntiqli yanaşma ola bilər.

