Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:39

Ötən il Azərbaycanda fərdi təsərrüfatlar tərəfindən satılan iribuynuzlu mal-qara ətinin bir kiloqramının maya dəyəri 4 manat 80 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satılan mal ətinin maya dəyəri əvvəlki illə müqayisədə 2 manat 20 qəpik və ya 31% azalıb.
Qeyd edək ki, 2024-cü ildə fərdi təsərrüfatlar tərəfindən satılan mal ətinin bir kiloqramının maya dəyəri 7 manat olub. Ötən il maya dəyəri 4 manat 80 qəpik olan mal əti fərdi sahibkarlar tərəfindən 6 manat 7 qəpiyə satılıb. 2024-cü ildə isə mal ətinin satış qiyməti 8 manat 30 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, ötən il 22 şəhər və rayonda fərdi sahibkarlar tərəfindən mal ətinin satışı qeydə alınıb. Mal ətinin maya dəyərinin ən aşağı olduğu rayon isə Yevlax rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 2 manat təşkil edib.
Mal ətinin maya dəyərinin ən yüksək olduğu rayon isə Xəzər rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 9 manat 50 qəpik təşkil edib.
Onu da bildirək ki, ötən il Azərbaycanda sümüklü mal ətinin pərakəndə satış qiyməti 15 manat 10 qəpik olub.
Açıqlanan məlumatlardan belə görünür ki, 2025-ci ildə Azərbaycanda mal ətinin pərakəndə satış qiyməti maya dəyərindən 3,1 dəfə yüksək olub.

