Bəxtiyar Vahabzadə Şəkiyə səfərlərindən birində keçmiş NKVD kapitanı İsmayılovla qarşılaşır.

Bu gün, 12:04           
Bəxtiyar Vahabzadə Şəkiyə səfərlərindən birində keçmiş NKVD kapitanı İsmayılovla qarşılaşır.
1960-cı illərin ortalarında, artıq tanınmış şair olan Bəxtiyar Vahabzadə Şəkiyə səfərlərindən birində keçmiş NKVD kapitanı İsmayılovla qarşılaşır. Bu qarşılaşma onun uşaqlıq yaddaşında sağalmayan bir yaranı yenidən açır.
1940-cı ildə İsmayılov Bəxtiyarın ata bir, ana ayrı qardaşı Şirəli Zəkəriyyə oğlunu “hökumətdən külli miqdarda ərzaq gizlətmək” ittihamı ilə həbs etdirərək sürgünə göndərmişdi. O dövrdə Şirəlinin qaçaqlara yardım etdiyi də deyilirdi. Bu hadisə baş verəndə Bəxtiyarın cəmi 15 yaşı vardı və ailənin başına gələn bu faciə onun yaddaşında dərin iz buraxmışdı.
İllər sonra küçədə üz-üzə gəldikləri anda Bəxtiyar ona yaxınlaşıb soruşur:
— Sən məni tanıyırsanmı?
İsmayılov cavab verir:
— Bəli, tanıyıram...
Bəxtiyar özünü təqdim edir:
— Mən usta əmi Şirəlinin qardaşı oğlu Bəxtiyaram.
(Şair ögey qardaşı Şirəliyə “usta əmi” deyə müraciət edərdi.)
Sonra illərlə içində daşıdığı qəzəblə ona deyir:
— Vaxtilə bizim ailəyə etdiklərinin cəzasını çəkəcəksən.
Deyilənlərə görə, bundan sonra Bəxtiyar İsmayılovu döyür, üzünə tüpürür. Şair sonralar da Şəkiyə hər gəlişində onunla qarşılaşanda sərt davranır, keçmiş əməllərini unutmadığını açıq şəkildə göstərirdi.
Həmin illərdə Bəxtiyar Vahabzadə artıq Azərbaycanda nüfuz qazanmışdı. Buna görə də Şəkidə yerli idarəetmə orqanları bu məsələyə qarışmaqdan çəkinirdi. Xruşov dövründə, xüsusilə Stalin repressiyalarında xalqa zülm etmiş şəxsləri açıq müdafiə etmək istəmirdilər.
Çox keçmədən İsmayılovun psixoloji vəziyyətinin ağırlaşdığı söylənirdi. Rəvayətə görə, əsəb pozuntusu nəticəsində o, dəhşətli bir hadisə törədərək öz oğlunu qətlə yetirmiş və buna görə həbs olunmuşdu.
Bu hadisə Şəkidə uzun illər danışılan, repressiyanın ailələrdə açdığı sağalmaz yaraların və gecikmiş qisas hissinin nümunələrindən biri kimi yadda qalmışdır.
Şirəlinin nəvəsi - Ş Aydınoğlu Vahabzadə
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru