Neft qiymətləri kəskin düşdü: Amma analitiklər "tunelin sonunda işıq"dan danışır

Bu gün, 10:44           
Neft qiymətləri kəskin düşdü:
Bazar ertəsi, 25 may tarixində neft qiymətləri son iki həftənin minimum səviyyəsinə enib. Kotirovkaların düşməsinə ABŞ və İran arasında mümkün sülh sazişi ilə bağlı artan optimizm səbəb olub. Lakin tərəflər Hörmüz boğazının blokadası kimi əsas məsələlərdə hələ də razılığa gələ bilmirlər.

Bu barədə “Reuters” yazıb.

“Investing” portalının məlumatına görə, Bakı vaxtı ilə saat 10:20-də “Brent” markalı neftin qiyməti təxminən 5 dollar ucuzlaşaraq bir barel üçün 95,30 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 5,30 dollar ucuzlaşaraq 91,30 dollar olub.

23 mayda ABŞ prezidenti Donald Tramp Vaşinqtonla İranın əsasən razılığa gəldiyini və Hörmüz boğazı vasitəsilə dəniz daşımalarının bərpasına imkan verəcək sülh sazişi üzərində işlədiyini bildirib. Müharibədən əvvəl bu boğazdan dünya neftinin və mayeləşdirilmiş qazın təxminən 20 faizi daşınırdı.

"MST Marquee" analitik mərkəzindən Sol Kavonik bildirib ki, risklər hələ də qalmasına baxmayaraq, hazırda “tunelin sonunda işıq” görünür və bu, qısa müddətdə neft qiymətlərinə təzyiqi azalda bilər.

Eyni zamanda “Reuters” qeyd edir ki, tərəflər bir sıra çətin məsələlərdə fərqli mövqelərdə qalır və Tramp bazar günü nümayəndələrinə sazişin bağlanmasında tələsməməyi tapşırıb. ING bankının xammal strategiyası rəhbəri Uorren Patterson da xatırladır ki, ABŞ və İran əvvəl də razılaşmaya yaxın olub, lakin danışıqlar pozulub.

Analitiklərin fikrincə, hətta Yaxın Şərqdə döyüşlər sabah bitsə belə, Hörmüz boğazı ilə tədarükün əvvəlki səviyyəyə qayıtması aylar çəkəcək, çünki zədələnmiş neft-qaz infrastrukturlarının bərpası tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru