Pəhriz saxlayanların böyük səhvi: Bu vərdiş sizi sürətlə KÖKƏLDİR
Bu gün, 09:44

Bir çox insan artıq çəkini əsasən yanlış qidalanma və az hərəkətlə əlaqələndirir. Amma psixoloqlar deyirlər ki, bəzən problem yuxu rejimindən başlayır.
Patrul.az-ın araşdırmasına görə, kifayət qədər yatmamaq insanın həm psixologiyasına, həm də qidalanma davranışına ciddi təsir göstərir.
Rusiyalı psixoloq Rodion Çepalovun sözlərinə görə, yuxusuzluq zamanı beyin ətraf mühiti daha təhlükəli və stresli qəbul edir. Orqanizm isə buna qarşı “enerji toplamaq” rejimi ilə cavab verir. Nəticədə insan gün ərzində daha çox kalorili və şəkərli qidalara meyl etməyə başlayır.
Bu vəziyyət bir çoxlarına tanışdır: gecə 4-5 saat yuxu, səhər ayılmaq üçün bir neçə fincan qəhvə, axşam isə özünü saxlaya bilmədən şirniyyat və ya fast-food yemək. Psixoloq bildirir ki, bu, sadəcə iradəsizlik deyil. Yorğun sinir sistemi sürətli şəkildə enerji bərpa etməyə çalışır və beyin ən asan yolu, yəni yüksək kalorili qidaları seçir.
Mütəxəssisin fikrincə, burada bir neçə psixoloji mexanizm rol oynayır. İlk səbəb emosional yemək vərdişidir. Yuxusuzluq insanı daha əsəbi, gərgin və narahat edir. Yemək isə beyində qısa müddətli rahatlıq hissi yaratdığı üçün bir növ sakitləşdirici vasitəyə çevrilir.
İkinci mühüm səbəb isə özünüidarənin zəifləməsidir. Yorğun beyin düzgün qərar verməkdə çətinlik çəkir. Buna görə də insan normal halda imtina edə biləcəyi qəlyanaltılara və şirniyyatlara qarşı daha zəif olur.
Yuxusuzluq fiziki aktivliyə də təsir edir. İnsan kifayət qədər yatmadıqda daha tez yorulur, daha az hərəkət edir və aktiv istirahət əvəzinə passivliyə üstünlük verir. Yəni orqanizm həm daha çox kalori istəyir, həm də onları yandırmağa daha az meylli olur. Maraqlıdır ki, bu vəziyyətdə sadə və faydalı qidalar beyinə əvvəlki qədər cəlbedici görünmür. Beyin daha yağlı, duzlu və şirin qidaları “mükafat” kimi qəbul edir.
Psixoloq vurğulayır ki, bir çox insan yuxunu vaxt itkisi hesab etsə də, əslində normal yuxu sinir sisteminin əsas bərpa mexanizmidir. Hətta bəzi hallarda düzgün yuxu rejimi sərt pəhrizlərdən daha effektiv nəticə verə bilər.
Başqa sözlə, arıqlamaq təkcə az yeməkdən ibarət deyil. Bəzən gecə vaxtında yatmaq, səhər ac qarına içilən “detoks” içkisindən daha faydalı olur.

