Çində MÖCÜZƏ: İki həftəyə yaxın meşədə tək yaşayan 11 yaşlı oğlan necə sağ qaldı?
Bu gün, 09:47
Çində 11 yaşlı oğlan meşədə azaraq təxminən iki həftə cəngəllikdə yaşasa da, möcüzə nəticəsində sağ qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Need To Know" məlumat yayıb.
Məlumata görə, yeniyetmə mayın 18-də Quandun əyalətinin Anhua kəndi yaxınlığındakı meşədə itkin düşüb. Ertəsi gün onun axtarışlarına hakimiyyət nümayəndələri də cəlb olunublar.
Oğlanı yalnız mayın 30-da tapmaq mümkün olub. Bundan bir qədər əvvəl dərman bitkiləri yığan bir şəxs cəngəllikdə uşağa məxsus paltar taparaq bu barədə polisə məlumat verib. Hadisə yerinə axtarış qrupu və xüsusi təlim keçmiş itlər göndərilib. Nəticədə yeniyetmənin yeri müəyyən edilərək xilas olunub.
Müəyyən edilib ki, o, meşədə qaldığı müddətdə xeyli arıqlayıb və bədəninin bir neçə nahiyəsində sıyrıqlar əmələ gəlib. Bununla yanaşı, sağlamlığında ciddi problem aşkarlanmayıb.
Məlum olub ki, oğlan əncir ağaclarının meyvələri və yağış suyu ilə qidalanaraq həyatda qala bilib. Tibbi müayinədən sonra o, valideynlərinə təhvil verilib.