"Telefona baxanda hər 20 dəqiqədən bir bunu edin"

Bu gün, 11:34           
"Telefona baxanda hər 20 dəqiqədən bir bunu edin"
Smartfon və digər rəqəmsal ekranların gözə birbaşa zərər verdiyi ilə bağlı fikirlər cəmiyyətdə geniş yayılıb, lakin mütəxəssislər bu məsələyə fərqli yanaşır. Göz həkimlərinin açıqlamalarına görə, ekranların özü göz toxumasını zədələmir, əsl risk mənbəyi isə günəşin ultrabənövşəyi şüalarıdır.

Bəs doğrudanmı telefon və ekranlar gözə ziyan vurmur, yoxsa problem daha çox istifadə müddəti və baxış vərdişləri ilə bağlıdır?

Oftalmoloq Mətai Muradova Demokrat.az-a açıqlamasında deyib ki, elmi məlumatlara əsasən, smartfon, planşet və kompüter ekranlarının adi istifadə zamanı gözün tor qişasına və ya digər toxumalarına birbaşa və qalıcı zərər vurduğu sübut olunmayıb:

“Yəni ekranlara baxmaq insanı kor etmir və göz toxumasını məhv etmir. Ancaq bu, ekranların heç bir təsiri olmadığı anlamına gəlmir. Əsas problem ekranın özündən çox, ona uzun müddət fasiləsiz baxmaqla bağlıdır. İnsan telefona və ya kompüterə diqqətlə baxarkən göz qırpma sayı azalır. Nəticədə göz quruluğu, yanma, batma hissi, sulanma, bulanıq görmə, baş ağrısı və göz yorğunluğu yarana bilər. Xüsusilə gün ərzində saatlarla ekran qarşısında qalan insanlarda “rəqəmsal göz yorğunluğu” adlandırılan vəziyyətə tez-tez rast gəlinir. Bu zaman insanlar gözlərinin yorulduğunu, diqqəti toplamaqda çətinlik çəkdiklərini və ya uzağa baxanda görüntünün bir müddət bulanıq olduğunu hiss edə bilərlər”.

O bildirib ki, mavi işıqla bağlı iddialar da tez-tez gündəmə gəlir:

“Hazırda mövcud elmi sübutlar göstərmir ki, telefon və kompüter ekranlarından yayılan mavi işıq göz toxumasına ciddi zərər verir. Bununla belə, axşam saatlarında ekranlardan istifadə bəzi insanlarda yuxu ritmini poza və yuxuya getməyi çətinləşdirə bilər. Göz sağlamlığı üçün daha böyük risk amillərindən biri həqiqətən də Günəşin ultrabənövşəyi (UV) şüalarıdır. Uzun illər ərzində güclü günəş şüalarına məruz qalmaq bəzi göz xəstəliklərinin inkişaf riskini artıra bilər. Buna görə açıq havada UV qoruyuculu gün eynəklərindən istifadə etmək tövsiyə olunur. Praktik olaraq isə ekranlardan istifadə edən şəxslərə hər 20 dəqiqədən bir təxminən 20 saniyə ərzində uzaq məsafəyə baxmaq, göz qırpmağı unutmamaq, ekranla göz arasında uyğun məsafə saxlamaq və otağın işıqlandırılmasına diqqət etmək məsləhət görülür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru