Azərbaycanda həkim çatışmazlığı: Bölgələrdə vəziyyət necədir? - VİDEO
Bu gün, 17:38

İlin əvvəlinə olan məlumatlara görə, ölkədə cəmi 34 776 həkim fəaliyyət göstərir. Onların 23 585-i məhz paytaxtın payına düşür ki, bu da ölkədəki bütün həkimlərin 68 faizinə bərabərdir. Bakıda hər 10 000 nəfərə 100 həkim düşdüyü halda, bölgələrdə vəziyyət ürəkaçan deyil.
"Xəzər" TV xəbər verir ki, məsələn, Daşkəsən rayonunda cəmi 15 həkim var və hər 10 000 nəfərə düşən həkim sayı cəmi 4-dür.
Tovuz rayonunun Köhnəqala kəndinin sakinləri bildirirlər ki, həkim çatışmazlığı müalicəyə çıxışı çətinləşdirməklə yanaşı, xəstələrin əlavə vaxt və xərc sərf etməsinə səbəb olur.
Onlar bəzi müayinələr və ixtisaslaşmış tibbi xidmətlər üçün qonşu rayonlara üz tutmağa məcbur qaldıqlarını deyirlər:
"Kəndimizdə həkim çatışmır, başqa rayonlara - Şəmkirə, Gəncəyə, Qazaxa getməli oluruq. Ürək, ağciyər həkimi, nevropatoloq yoxdur. Həkim qəbuluna düşmək çətindir, növbələr çox olur, həkimlərin vaxtı çatmır. Məcburən başqa rayonlara gedirik".
Bənzər problemlər Oğuz rayonunda da yaşanır. Burada rayon üzrə 57 həkim qeydə alınıb. Həkim sayının əhalinin sayına uyğun gəlməməsi sakinləri çətin vəziyyətdə qoyur. Vətəndaşlar travmatoloq və ya endokrinoloq tapmaqda çətinlik çəkdiklərini bildirirlər:
"Böyrək xəstəliyi, şəkər xəstəliyini yoxlatmaq üçün Şəkiyə getməli oluruq. Həkimi tapmadıqda boş-boşuna qayıdırıq. Çox çətinlik çəkirik".
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, problem yalnız kadr sayının artırılması ilə həll olunmur. Eyni zamanda həkimlərin bölgələrdə işləməyə marağını artıran sosial və iqtisadi stimullar da vacibdir:
"Həmin ərazilərdə mənzillə təmin olunma, maddi stimullaşdırmanın artırılması, özəl sektorun təşviqi, ipoteka kreditlərinə əlçatanlıq kimi sosial güzəştlər tətbiq edilməlidir. Həmçinin pensiya yaşına çatmış şəxslərə maaş stimullaşdırılması və ya digər bölgələrdən həkimlərin oraya yönləndirilməsini təmin etməklə bu disproporsiyanı aradan qaldıra bilərik".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən profillər üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir. Hazırda mövcud çatışmazlığın aradan qaldırılması məqsədilə kadr planlaması və yerləşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

