30 manat verməməyə görə evinizi itirə bilərsiniz — Açıqlama
Bu gün, 00:14

Evlərin sığortalanması mövzusu aktual olsa da, bir çox insanlar bu imkanlardan istifadə etmir. Bunun əsas səbəbləri arasında məlumat azlığı, əlavə xərc kimi qəbul edilməsi və risklərin düzgün qiymətləndirilməməsi göstərilir. Halbuki sığortasız evlər yanğın, təbii fəlakət və digər gözlənilməz hadisələr zamanı ciddi maddi itkilərlə üz-üzə qala bilər.
Mövzu ilə bağlı sığorta mütəxəssisi Şahin İsmayılov Demokrat.az-a bildirib ki, Azərbaycanda insanların "Əmlakın icbari sığortası" məhsuluna marağı olduqca aşağı səviyyədədir:
"Bunun bir neçə səbəbi var və bunlardan ən əsası sığortaya xərclənən vəsaitin lazımsız xərc kimi dəyərləndirilməsidir. Bundan əlavə maliyyə imkanlarının aşağı olması, sənədsiz evlərin həddən çox olması, sığorta şirkətlərinə olan inamsızlıq da öz rolunu oynayır. Əmlakın icbari sığorta haqqının 30 - 50 manat olmasına baxmayaraq, bir çox vətəndaşlarımız bu məbləği ödəyib, öz əmlaklarını sığorta təminatı altına almağı lazımsız sayırlar. Halbuki, sığorta hadisəsi baş verdikdə, vətəndaş böyük maliyyə yükündən qurtulmuş olur.
Bu sahədə təbliğat işinin zəif olması da öz rolunu oynayır. Sanki sığorta şirkətləri əmlak sığortasında maraqlı deyillər və bu sahənin inkişafı və təbliğatı üçün heç bir iş görmürlər.
Vətəndaşlar unutmasınlar ki, əmlakın icbari sığortası su basma, yanğın, zəlzələ, partlayış, kənar şəxslərin müdaxiləsi və bir çox başqa risklərə təminat verir. Hər bir vətəndaş öz əmlakının sığortalı olmasında maraqlı olmalıdır",- deyə o qeyd edib.
Beləliklə, əmlakın icbari sığortası mənzilləri gözlənilməz təbii fəlakətlərdən və qəzalardan qorumağın ən effektiv yoludur. Kiçik sığorta haqları gələcəkdə yarana biləcək irimiqyaslı zərərlərin qarşısını alır. Vətəndaşların maddi rifahı və evlərinin təhlükəsizliyi üçün sığorta mədəniyyətinin formalaşması vacib şərtdir.

