Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı
Bu gün, 12:54

Omeqa-3 əlavələri yaddaşa və koqnitiv funksiyalara nəzərəçarpacaq müsbət təsir göstərmir, həmçinin Altsheymer xəstəliyinin qarşısını almağa kömək etmir.
Bu barədə CNN omeqa-3 əlavələri ilə bağlı yeni klinik araşdırmaya istinadən məlumat yayıb.
"Əlavə şəklində qəbul edilən omeqa-3 gözlənilən effekti vermir. Hətta omeqa-3 qəbul edən iştirakçıların orqanizmində bu maddənin səviyyəsi yüksəlsə də, onların koqnitiv funksiyalarında hər hansı yaxşılaşma müşahidə olunmayıb", - deyə Kek Tibb Məktəbinin Beyin Sağlamlığı üzrə Fərdiləşdirilmiş Mərkəzinin direktoru Hüseyn Yassin bildirib.
Araşdırmada yaşı 55-80 arasında olan, orqanizmində omeqa-3 səviyyəsi aşağı və demensiya riski daşıyan 365 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər: birinci qrup yüksək dozada omeqa-3, ikinci qrup isə plasebo qəbul edib. Tədqiqat iki il davam edib.
Nəticələr göstərib ki, hər iki qrupda nə koqnitiv funksiyalarda, nə də beynin yaddaşla əlaqəli hissəsi olan hipokampda hər hansı yaxşılaşma qeydə alınmayıb.
Alimin sözlərinə görə, demensiyanın qarşısının alınması üçün fiziki aktivlik, keyfiyyətli yuxu, stressin azaldılması və qida rasionuna yağlı balıqların daxil edilməsi daha böyük əhəmiyyət daşıyır.

