Ali Məhkəmənin Qərarları Kağız Üzərində Qalır? – Qarabağ Qazisinin Hüquq Mübarizəsində Məhkəmə Maneələri
Bu gün, 10:18

Azərbaycan məhkəmə sistemində vahid məhkəmə təcrübəsinin formalaşdırılması hüququn aliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə Ali Məhkəmə Plenumu tərəfindən qəbul edilən qərarlar aşağı instansiya məhkəmələri üçün hüququn düzgün tətbiqinə istiqamət verməli, oxşar işlər üzrə fərqli yanaşmaların qarşısını almalıdır. Lakin son illərdə bəzi işlər üzrə ortaya çıxan faktlar göstərir ki, Ali Məhkəmənin formalaşdırdığı təcrübənin tətbiqi ilə bağlı ciddi suallar mövcuddur.
Uzun illərdir dövlət qurumları ilə hüquqi mübahisələr yaşayan birinci dərəcəli Qarabağ qazisi pensiya və sosial təminat hüquqlarının bərpası uğrunda apardığı mübarizədə müxtəlif dövlət qurumlarının və vəzifəli şəxslərin fəaliyyətindən narazılıq edir. Onun iddiasına görə, aidiyyəti qurumların hərəkət və qərarları nəticəsində sosial hüquqları pozulub, lakin bu pozuntuların aradan qaldırılması istiqamətində etdiyi müraciətlər lazımi nəticə verməyib.
Qazinin narazılığının əsas istiqamətlərindən biri xüsusi ittiham qaydasında məhkəmələrə təqdim etdiyi şikayətlərlə bağlıdır. O bildirir ki, müxtəlif rayon məhkəmələrinə təqdim olunan şikayətlər sistemli şəkildə icraata qəbul edilmir və ya müxtəlif əsaslarla baxılmadan geri qaytarılır. Halbuki Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” qərarında belə müraciətlərə yanaşma qaydaları ətraflı izah olunub.
Müəllifin fikrincə, məhkəmələrin əsas arqumenti kimi irəli sürdüyü “şikayətin düzgün tərtib edilməməsi” səbəbi əksər hallarda formal xarakter daşıyır. O hesab edir ki, əgər şikayətdə ictimai və ya ictimai-xüsusi ittiham qaydasında araşdırılmalı əməllərlə bağlı məlumatlar mövcuddursa, məhkəmələr həmin materialları prosessual qaydada prokurorluq orqanlarına göndərməlidirlər. Lakin onun sözlərinə görə, bu mexanizm də əksər hallarda işə salınmır.
Mübahisələrin mərkəzində olan məsələlərdən biri də müxtəlif dövlət qurumlarını təmsil edən hüquqşünas və vəkillərin məhkəmə proseslərində iştirakının qanuniliyi ilə bağlıdır. Qazi iddia edir ki, bəzi hallarda məhkəmələrdə iştirak edən şəxslərin nümayəndəlik səlahiyyətlərini təsdiq edən sənədlərə lazımi hüquqi qiymət verilmir. Onun fikrincə, bu hallar məhkəmə araşdırmasının obyektivliyinə kölgə salır və hüquqi mübahisələrin ədalətli həllinə mane olur.
Müxtəlif rayon məhkəmələrində qaldırılmış işlərin taleyi də müəllifin narazılığına səbəb olan məqamlardandır. Onun sözlərinə görə, eyni mahiyyətli şikayətlər üzrə fərqli qərarlar qəbul edilir, bəzi hallarda işlər aidiyyəti olmayan məhkəmələrə göndərilir, bəzi hallarda isə ümumiyyətlə baxılmadan icraatdan imtina olunur. Bu isə məhkəmə təcrübəsinin vahidliyi prinsipinin faktiki olaraq işləmədiyi barədə iddiaları gücləndirir.
Məsələnin diqqət çəkən tərəflərindən biri də vəkillik institutunun fəaliyyəti ilə bağlı irəli sürülən ittihamlardır. Müəllif hesab edir ki, dövlət qurumları ilə əlaqəli hüquqi yardım mexanizmləri və bəzi vəkil qurumlarının fəaliyyəti müstəqillik prinsipi baxımından müzakirə edilməlidir. O, xüsusilə sosial müdafiə sahəsində fəaliyyət göstərən qurumlarla bağlı hüquqi xidmət modelinin vəkillərin müstəqilliyi prinsipi ilə uyğunluğunun araşdırılmasına ehtiyac olduğunu vurğulayır.
Qarabağ qazisinin hüquq mübarizəsi bir şəxsin problemi olmaqdan çıxaraq daha geniş bir sualı gündəmə gətirir: Ali Məhkəmənin hüququn vahid tətbiqinə dair qərarları bütün məhkəmələr üçün həqiqətən məcburidirmi, yoxsa bəzi hallarda həmin qərarlar yalnız kağız üzərində qalır? Əgər məhkəmə sistemində vahid yanaşma təmin olunmursa, vətəndaşlar hüquqlarının müdafiəsi üçün hansı effektiv vasitələrə malikdirlər?
Konstitusiya hər bir vətəndaşa hüquqlarını məhkəmə vasitəsilə müdafiə etmək imkanı verir. Məhz buna görə də məhkəmələrin fəaliyyəti, qəbul etdikləri qərarların əsaslandırılması və Ali Məhkəmə Plenumunun qərarlarına münasibəti hüquqi dövlət prinsiplərinin reallaşmasında xüsusi əhəmiyyət daşıyır. Qarabağ qazisinin qaldırdığı məsələlər isə bir daha göstərir ki, məhkəmə sistemində vahid təcrübənin tətbiqi, məhkəməyə çıxış hüququnun təmin edilməsi və hüquqi prosedurların şəffaflığı daim ictimai nəzarət və hüquqi müzakirə mövzusu olaraq qalmalıdır.
Gundemxeber.com



