Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılması gözlənilir

Bu gün, 16:52           
Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılması gözlənilir
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində iqtisadi siyasət sahəsində əldə etdiyi uğurlar onun dünya dövlətləri arasındakı nüfuzunun daha da artmasına səbəb olub. Xüsusilə son illərdə müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizə və onun Prezidenti İlham Əliyevə olam etimadın nəticəsi kimi qiymətləndirilməlidir. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir.
Ölkəmizdə təşkil edilən növbəti beynəlxalq əhəmiyyətli tədbir 17-19 iyun tarixlərində keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları olmuşdur.
“Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən builki Forum çərçivəsində yüksəksəviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları keçirilib, dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi aparılıb.
İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən İİB-nın 51-ci İllik toplantısının açılış mərasimində ölkə başçısı geniş çıxış edib. Mərasimdə çıxışında Prezident İlham Əliyev söyləyib ki, siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib: "Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır. Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".
Prezident qeyd edib ki, bu, həm də regional inkişafın təzahürüdür: "Regional və qlobal səhnədə Azərbaycan öz güclü əlaqələri ilə bir çox aspektlər baxımından mühüm iştirakçıya çevrilib".
2010-cu ildə İslam İnkişaf Bankı Qrupunun illik iclasından sonra Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu tədbirlər arasında ən önəmlilərindən biri 2024-cü ildə keçirilmiş və çox yaxşı nəticələrin əldə olunduğu COP29 tədbiridir. Ötən ay Azərbaycanda daha bir uğurlu beynəlxalq tədbi - Ümumdünya Şəhərsalma Forumu keçirilib. Bu da Azərbaycanın fəaliyyət gündəliyinin çoxşaxəli olduğunu bir daha göstərir. Ölkə genişmiqyaslı enerji təşəbbüslərinin müəllifi və həyata keçiricisi kimi tanınır. Azərbaycan Avrasiya bölgəsində iri enerji infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edib. Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib. Xüsusilə hazırkı dövrdə, enerji təchizatı marşrutlarının təhlükəsizliyinin və dayanıqlılığının böyük əhəmiyyət daşıdığı bir vaxtda bu rol daha da ön plana çıxır. Enerji təhlükəsizliyi bu gün bütün ölkələr üçün ən vacib meyarlardan biridir.
Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir: "Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələrin maraqlarına xidmət edir".
Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır: "Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək". Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, biz Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılmasını istəyirik.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru