Dünya ölkələrin əksər hissəsinin dəstəyinin qazanılması Azərbaycanın naliyyətlərinə əsaslanır
Bu gün, 17:42

İyunun 17-dən Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına başlanılıb. 2 gün davam edən iclaslarda yüksəksəviyyəli dövlət rəsmiləri, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirləri, beynəlxalq və regional maliyyə institutlarının rəhbərləri və özəl sektor nümayəndələri iştirak edirlər.
İslam İnkişaf Bankı Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlıq, davamlı inkişafın gücləndirilməsi istiqamətində mütəmadi müzakirələr aparılır, toplantılar keçirilir. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən builki Forum çərçivəsində yüksəksəviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları keçirilib, dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi aparılıb.
Qeyd edilməlidir ki, İslam İnkişaf Bankı maliyyələşdirməni İslam prinsiplərinin əsasında aparılan beynəlxalq maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. Bankın məqsədi üzv ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdir.
İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən İİB-nın 51-ci İllik toplantısının açılış mərasimində ölkə başçısı geniş çıxış edib. Qeyd edilib ki, siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib: "Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır. Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".
Prezident qeyd edib ki, bu, həm də regional inkişafın təzahürüdür: "Regional və qlobal səhnədə Azərbaycan öz güclü əlaqələri ilə bir çox aspektlər baxımından mühüm iştirakçıya çevrilib".
Açılış mərasimində ölkə başçısı qeyd edib ki, Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir. Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib: "Bu gün xarici borc Azərbaycan ÜDM-nin yalınız 6 %-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı Qrupu idi. Çünki bizim həmin təsisatla çox güclü əlaqələrimiz var, müştərək tariximiz mövcuddur. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik".
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, xarici borcun səviyyəsinin aşağı olması üstünlükdür: "Biz daha çox bununla bağlı vəsaitlər cəlb edə bilərik. Lakin ehtiyatlı olmalıyıq. Bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Düşünürəm ki, bu baxımdan Azərbaycan aparıcı ölkələr sırasındadır, sabit maliyyə vəziyyəti var, tarazlaşmış büdcəsi mövcuddur".
Bildirilib ki, Azərbaycanda qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payı 70 %-dən artıqdır. Dövlət başçısı Azərbaycan iqtisadiyyatının sabit olduğunu diqqətə çatdırıb: "Biz ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq birbaşa sərmayələri cəlb edə bildik. Bu sərmayələrin yarısı xarici mənbələrdən daxil edilib. Bu, son 20 il ərzində baş verib. Sərmayələrimiz, planlarımız davam edir. Sərmayədarlar bu gün daha çox sabit yerlərə nəzər salırlar".
Prezident qeyd edib ki, vaxt getdikcə ölkədə sabit məkanların sayı artır: "Bu, indinin reallığıdır. Yaxşı sərmayə mühiti, sərmayələrin qorunması, müvafiq qanunvericilik, həyata keçirilmiş layihələr enerji və qeyri-enerji sektoruna sərmayələri cəlb etməyə imkan yaradır. Bu da bizim prioritetlərimizdən biridir. 16 il öncə İslam İnkişaf Bankı ilə bu barədə danışdıq. Bu gün vəziyyət dəyişir. Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-dən artıqdır. Bu, çox gözəl nailiyyətdir".
Dünyada olan ölkələrin əksər hissəsinin dəstəyinin qazanılması Azərbaycanın naliyyətlərinə əsaslanır. Prezident İlham Əliyevin sözlərinə görə, müstəqil xarici siyasət sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb: "Dostlarımızın sayı ilbəil artır. Aydın şəkildə görünür ki, namizədliyimiz müxtəlif təchizatların namizədləri siyahısında olub. Biz hərtərəfli dəstək aldıq".
Prezident öz çıxışında BMT Təhlükəsizlik Şurasının namizədləri barədə də danışıb: Bildirib ki, "155 ölkənin dəstəyini qazandıq. Qoşulmama Hərəkatının sədri olduqda da bunu gördük. Biz seçildik və sədrliyimiz uzadıldı. Bu, beynəlxalq dəstəyin ən böyük təzahürüdür. Bəzi məhdud sayda inkişaf etmiş ölkələr özlərinə müəyyən adları istifadə etməyə can atırlar. Lakin BMT-nin üzv dövlətləri bütün beynəlxalq ictimaiyyətin əsasını təşkil edir".
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

