Dil yenilənmədən düşüncə yenilənə bilməz.
Bu gün, 11:24

İngilis tarixçi Arnold Toynbi türklər haqqında yazdığı kitabda qeyd edir ki, bir cəmiyyətin yenilənməsi üçün kişi-qadın münasibətlərindən sonra ən vacib olan dil inqilabıdır.
Dili yenilənmədən bir cəmiyyətin yenilənməsi mümkün deyil. Dil yenilənmədən düşüncə yenilənə bilməz. Bu da mənim Toynbi ilə razılaşma bəyannaməmdir.
Toynbi türklərin 1919-dan sonra yenilənərək çar Nikolayın "can verməkdə olan xəstə kişi" diaqnozunu puç etdiyini yazır və bu yenilənməni metaforik olaraq ilanın qabıq dəyişdirməsinə bənzədir.
Türklər Atatürklə qabıq dəyişdirməsəydilər millət olaraq öləcəkdilər. Bütün Avropa bu ölümü görür və gözləyirdi. Yenilənmə bu ölümün qarşısını aldı.
İş bizə gəlincə, hələ ki, yenilənmək istəmirik. Platonovun simvolik "Can" xalqı sayaq olduğumuz kimi qalıb ölməyi seçirik. Qabığımız müstəmləkəçilik dövründən qalmadır. Biz bu qabığı dəyişmək istəmirik. Düşmən üzərində qələbənin belə bu qabığı dəyişdirməyə gücü çatmadı.
Dilimizi qorumaq adı altında onu olduğu kimi saxlamaq israrımız da bu qabığı dəyişmək istəməyimizdən doğur. Halbuki biz dilimizi qorumaq yerinə, onu inkişaf etdirməli və yeniləməliyik.
Toynbiyə də əlavə etdiyim kimi, dil yenilənmədən düşüncə yenilənə bilməz. Cəmiyyət yenilənə bilməz!
İstəmirik! Biz hələ ki, olduğumuz kimi qalıb ölməyi seçirik!
Игидай Дадашов
TEREF

