Nədənsə AzərQaz-da imtahanlar əsasən mühəndislər və digər sıravi əməkdaşlar üçün keçirilir. Rəislər isə bu prosesdən kənarda qalırlar.
Bu gün, 00:00

Hörmətli Xəqani müəllim!
İlk növbədə mənim müraciətimi bu qədər diqqətlə dəyərləndirdiyinizə görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Doğrudan da böyük zəhmət çəkərək Göyçay rayonu üzrə Sayğac Əməliyyatları Xidmətinin 11-ci dərəcəli böyük mühəndis vəzifəsini ləğv etdiniz. Buna görə ayrıca minnətdaram.
Lakin məktubunuzda qeyd etmisiniz ki, istehsalat zərurəti ilə əlaqədar ştat ləğv edildiyi üçün mənə Ucar rayonu üzrə Sayğac Əməliyyatları Xidmətinin 11-ci dərəcəli böyük mühəndis vəzifəsi təklif olunub. Burada kiçik bir maraqlı məqam ortaya çıxır: həmin vəzifə hazırda boş deyil. Bildiyim qədərilə orada əvvəllər Kürdəmir xidmət sahəsində çilingər işləyən əməkdaş fəaliyyət göstərir.
Mənə maraqlıdır, boş olmayan bir vəzifə necə olur ki, vakant yer kimi mənə təklif edilir? Ola bilsin ki, Ağsu RQİİ üzrə kadrlar Sizə yanlış məlumat veriblər. Çünki mənə qarşılıqlı razılıq əsasında yerdəyişmə təklif edilmişdi və mən də yaşadığım rayonda vakant yer olduğu üçün həmin təklifdən imtina etmişdim.
Bundan sonra isə maraqlı proseslər başladı. Göyçay üzrə vakant yer ləğv edildi. Sonra Ağsu RQİİ üzrə hansı rayonda Sayğac Əməliyyatları Xidmətində iki böyük mühəndis ştatı vardısa, biri ləğv olundu və hər yerdə bir böyük mühəndis saxlanıldı. Görünür, optimallaşdırma prosesinin sonu yoxdur.
İndi isə həmin böyük mühəndislər yenidən imtahan edilir. Görünür, əvvəlki imtahanlar, attestasiyalar və təcrübə kifayət etməyib. Ola bilsin məqsəd odur ki, vəzifələr əvvəl ləğv edilsin, sonra isə qalan əməkdaşlar yenidən imtahan olunaraq növbəti ixtisar dalğasına hazır vəziyyətə gətirilsinlər.
Mənə ən çox maraqlı gələn isə başqa bir sualdır: Bu qədər ixtisarlar hansı möhtəşəm yeni şöbənin yaradılması üçündür? Görəsən, Azəriqazın gələcəyi üçün strateji əhəmiyyət daşıyan hansı bölmə qurulur ki, mühəndis və çilingərlər ard-arda ixtisar olunur?
Bir məsələ də diqqətimi çəkir. Nədənsə imtahanlar əsasən mühəndislər və digər sıravi əməkdaşlar üçün keçirilir. Rəislər isə bu prosesdən kənarda qalırlar. Görünür, rəhbər vəzifələr üçün bilik və bacarıqlar artıq avtomatik təsdiqlənmiş hesab olunur, yoxsa bu qayda yalnız aşağı və orta səviyyəli əməkdaşlara aiddir?
Hər halda, bu qədər yeniliklərin və optimallaşdırmaların arxasında hansı böyük məqsədin dayandığını öyrənmək maraqlı olardı.
Dasqin Abbasov
TEREF

